Zəfərin beşinci ildönümü Kişineuda da qeyd olunub
Bakı, 7 noyabr, AZƏRTAC
Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı ilə Azərbaycanın Moldovadakı səfirliyində 8 Noyabr - Zəfər Gününə həsr olunan təntənəli tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızı və Ümummilli Lider Heydər Əliyevi anıb, Ulu Öndərin büstü önünə gül dəstələri düzüb.
Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev soydaşlarımızı Zəfər Günü münasibətilə təbrik edib, bu tarixin milli birlik və ədalətin bərpası baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev diasporun milli məsələlərdə həmrəyliyinin daim böyük əhəmiyyət kəsb etdiyini bildirib.
MAK-ın sədri Elçin Bayramov çıxışında Zəfər Gününün Azərbaycanın müasir tarixində mühüm dönüş yaratdığını və bu Qələbənin diaspor üçün xüsusi qürur mənbəyi olduğunu diqqətə çatdırıb.