Zəngilan – yaşıl zona və strateji nəqliyyat qovşağı ŞƏRH
Bakı, 20 oktyabr, AZƏRTAC
Zəngilan Şərqi Zəngəzurun giriş qapısıdır. Qırx dörd günlük Vətən müharibəsinin 23-cü günündə - oktyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri Zəngilan şəhərini işğaldan azad etdi. Ordumuzun Zəngilan uğrunda başladığı əməliyyat iki gün çəkdi və düşmən bu istiqamətdə darmadağın edildi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.
O xatırladıb ki, Prezident İlham Əliyev 2020-ci il dekabrın 23-də Zəngilanda Azərbaycan Bayrağını ucaltdı. Zəngilanın azad olunması ilə Azərbaycan-İran sərhədi də tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülüb.
"Təsadüfi deyil ki, azad olunmuş ərazilərin bərpası ilə bağlı birinci pilot layihə Zəngilanda - Ağalı kəndində icra edildi. Burada 200 evdən ibarət “smart” kənd salınıb. Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi prosesi davam edir. Əhalinin rifahını və rahatlığını təmin etmək məqsədilə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi və digər bütün xidmətlər mövcuddur. 2022-ci ilin iyul ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar.
Zəngilan şəhərində də yaşayış evlərinin tikintisi həyata keçirilir və sakinlərin 2024-2026-cı illərdə oraya köçürülməsi planlaşdırılır. Rayonun Cahangirbəyli kəndində də hazırda tikinti işləri həyata keçirilir. Ümumiyyətlə, “2022-2026-cı illər üzrə Dövlət proqramına əsasən Cəbrayıl, Qubadlı və Zəngilana 40 min nəfər köçəcək. Bu proses mərhələli şəkildə həyata keçiriləcək",- deyə N. Məmmədova vurğulayıb.
Deputatın sözlərinə görə, Zəngilan həm də yaşıl enerji zonası hesab olunur. Belə ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında Günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilər yaşıl zona elan edilib və buna görə bütün inzibati binalarda, qeyri-yaşayış sahələrinin üstündə Günəş panelləri istifadə olunur. Bundan əlavə, Zəngilan rayonunda 4 kiçik su elektrik stansiyası artıq fəaliyyət göstərir.
Zəngilan, eyni zamanda, Beynəlxalq Hava Limanı ilə Qarabağın mühüm nəqliyyat qovşağına çevrilib. Bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bu, azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Bir sözlə, artıq Zəngilan yaşıl zona, “smart” şəhərsalma, strateji nəqliyyat qovşağı kimi yeni inkişaf məkanına çevrilib.
Bütün azad olunmuş ərazilərimiz kimi Zəngilana da həyat qayıdıb, yüksək səviyyəli şəhər günləri qeyd olunur. Ölkəmizə səfər edən beynəlxalq tədbir iştirakçıları azad olunmuş ərazilərə, o cümlədən Zəngilana mütəmadi olaraq səfər edirlər. İkinci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi də Zəngilanda keçirilib ki, bu da Qarabağ və Şərqi Zəngəzurun beynəlxalq statusunun ilbəil daha da yüksəldiyini göstərir.