SİYASƏT
Ziyafət Əsgərov: Azərbaycan NATO PA-nın Ermənistanda keçiriləcək “Rouz-Rout” seminarında iştirak etməyəcək
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan NATO Parlament Assambleyasının iyunun 18-20-də Ermənistanda keçiriləcək növbəti “Rouz-Rout” seminarında iştirak etməyəcək.
Bu barədə jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.
Ziyafət Əsgərov bildirib ki, nə qədər Ermənistan işğalçı dövlət kimi pislənilməyib, işğalçı qoşunlar Azərbaycan ərazilərindən çıxarılmayıb, Azərbaycan Ermənistandakı tədbirdə iştirak etməyəcək. “Bu barədə NATO Parlament Assambleyasının sədrinə də bildirmişik. Demişik ki, belə seminarın işğalçı ölkədə keçirilməsi NATO Parlament Assambleyasına nüfuz gətirmir”, - deyə Z.Əsgərov əlavə edib.
Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, Budapeştdə keçirilən sessiyada iştirak edən Ermənistan nümayəndə heyəti təxribat yaratmaq istəyirdi. “Soruşduq ki, niyə hələ də Azərbaycana qarşı ikili standartlar tətbiq edilir, Dağlıq Qarabağ məsələsində ciddi iş görülmür? Niyə Ukrayna məsələsində NATO bir mövqe tutur, amma Azərbaycanın ərazi bütövlüyünə gəldikdə tamam başqa mövqe nümayiş etdirir? Niyə Ukrayna məsələsində sanksiyalar ardıcıllıqla tətbiq edilir, amma Azərbaycanın ərazisini işğal edən Ermənistana qarşı hələ də sanksiya tətbiq olunmur? Əlbəttə, bütün bunlar ikili standartların göstəricisidir”.