Zlatko Laqumciya: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilir
Riqa, 19 may, AZƏRTAC
Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilir. Bu fikri Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə üçüncü Bakı Qlobal Açıq Cəmiyyətlər Forumu iştirakçılarının Riqada keçirilən görüşü çərçivəsində Bosniya və Herseqovina Baş nazirinin birinci müavini, xarici işlər naziri Zlatko Laqumciya AZƏRTAC-ın xüsusi müxbirinə eksklüziv müsahibəsində səsləndirib. O bildirib ki, Azərbaycanın zəngin tarixi, nadir təbii ehtiyatları var. Qiymətli maddi-mədəni nümunələri ilə məşhur olan Azərbaycan Şərq ilə Qərb arasında körpüdür.
Zlatko Laqumciya diqqətə çatdırıb ki, qloballaşan dünyanın əsas problemləri enerji təhlükəsizliyi, etnik tolerantlıq, xalqların dinc yanaşı yaşaması ilə bağlıdır. Azərbaycan bu problemləri həll etmək üçün mühüm addımlar atır. Bu ölkənin xalqları etnik və dini mənsubiyyətindən asılı olmayaraq qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Dünyada baş verən münaqişələrin çoxu Azərbaycandan uzaqdır.
Nazir deyib: “Qədim tarixə və adət-ənənələrə malik olmasına baxmayaraq, Azərbaycanın gələcəyə müasir baxışları var. Üçüncü Bakı Qlobal Açıq Cəmiyyətlər Forumu bunun bariz nümunəsidir. Forum ölkənin dinamik inkişafının göstəricisi də sayıla bilər. Bildiyiniz kimi, hər il Davosda iqtisadi forum keçirilir. Bu forumda dünya iqtisadiyyatının problemləri həll edilir. Bakı Forumunu Davos Forumu kimi qiymətləndirirəm. Burada mədəniyyətlərarası ünsiyyət və mədəniyyətlərarası münaqişələrlə bağlı problemlərin həlli yolları nəzərdən keçirilir”.
Zlatko Laqumciya əmindir ki, bu baxımdan Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin oynadığı rolun misli-bərabəri yoxdur. Mərkəzin dahi Nizaminin adını daşıması mühüm məqamlardan biridir, çünki onun əsərlərində müasir problemlərin həlli yollarını tapmaq olar. Nizami Gəncəvinin ölməz əsərlərində insan şəxsiyyəti, qadın hüquqları diqqət mərkəzində dayanır. Beynəlxalq mərkəzin Nizami Gəncəvi fəlsəfəsini təbliğ etməsi əhəmiyyətli və düzgün addımdır.
Z.Laqumciya deyib ki, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi on il əvvəl Madrid Klubu tərəfindən irəli sürülən açıq cəmiyyətlərin yaradılması ideyasını yüksək səviyyədə həyata keçirir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa