REGİONLAR
Şimal bölgəsinin təhsil işçilərinin təklifləri dinlənilib VİDEO
Xaçmaz, 3 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 3-də Xaçmaz şəhərində Təhsil Nazirliyinin məsul əməkdaşları şimal bölgəsi rayonlarının təhsil işçiləri ilə görüşüblər.
Görüşün məqsədi bölgələrdə çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək olub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin əl işlərini və idman sahəsində qazandığı uğurları əks etdirən sərgi ilə tanışlıq olub.
Toplantıda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək müstəqillik dövründə ölkə həyatının bütün sahələrində qazanılan uğurlardan, milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçiriləsi ilə bağlı görülən işlərdən, Təhsil Nazirliyinin keçirdiyi islahatlardan danışıb.
Bildirilib ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqramların və dərsliklərin hazırlanması işləri davam etdirilir. Son 10 ildə ölkəmizdə 3 mindən çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir edildiyini söyləyən nazir müavini Təhsil Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlərin planşetlərlə təmin olunacağını bildirib.
Nazir müavini təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-şagird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.
Firudin Qurbanov təhsil sahəsində tərbiyənin inkişaf istiqamətləri, məktəbdənkənar fəaliyyətin təşkili, təkmilləşdirilməsi, xüsusilə vətənpərvərlik tərbiyəsinin rolu və sağlam həyat tərzi ilə bağlı nazirliyin həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxışında son illər rayonda təhsil sahəsində əldə edilən uğurlardan danışıb.
Tədbirdə müvafiq rayonların təhsil işçiləri çıxış edərək təlim və tərbiyə sahəsində görülmüş işlər haqqında məlumat verib, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər.
Sonda təhsil işçilərinin fikirləri dinlənilib, suallar cavablandırılıb.