MƏDƏNİYYƏT
Abdel Qaffer: Azərbaycan müxtəlif mədəniyyətlərin yaxınlaşmasında aparıcı rol oynayır VİDEO
Paris, 6 dekabr, AZƏRTAC
Dünya ölkələrinin terrorizm, qaçqın böhranı kimi problemlərlə üzləşdiyi bir dövrdə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi çox vacibdir. Azərbaycan hökuməti müxtəlif mədəniyyətlərin yaxınlaşmasında aparıcı rol oynayır.
Bu fikri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Turizm Təşkilatının regional direktoru və baş katibinin müşaviri Əmr Abdel Qaffer deyib.
Abdel Qaffer bildirib ki, multikulturalizm, tolerantlıq sülhün yaradılmasında vacib amillərdir. UNESCO-nun bugünkü yüksək səviyyəli toplantısında əsas məsələlər müzakirə olunub. Tərəfdaşlar qarşıdan gələn IV Bakı Forumuna hazırlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, qlobal insan təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, miqrasiya, qaçqın böhranı, mədəniyyətlərarası dialoq kimi mühüm məsələlərə toxunulub. Bu gün iqtisadiyyatın bir nömrəli sektoru olan turizmin rolundan danışılıb. Turizmin iqtisadiyyat və məşğulluq sahəsində xüsusi yeri var. Turizm, həmçinin mədəniyyətlərarası dialoq sahəsində də böyük rol oynayır. Turizmin iqtisadi əhəmiyyətini yüksək qiymətləndirən BMT 2017-ci ili inkişaf üçün davamlı beynəlxalq “Turizm ili” elan edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris