REGİONLAR
Şaiq Məmmədov: Şüşə qırıntıları ilə işləmə sənət dünyası üçün yenilikdir və yalnız bizə məxsusdur VİDEO
Gəncə, 27 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Dekorativ tətbiqi sənətkarlığın bədii metalişləmə növündə nəfis sənət nümunələri yaradan Şaiq Məmmədov illərlə topladığı təcrübəni yaradıcılığın digər istiqamətində də sınayıb və uğurlu nəticə əldə edib. Tətbiqi sənət ustası ilk dəfə olaraq şəffaf şüşə üzərində rəngli şüşə ovuntusu və qırıntılarla müxtəlif sənət əsərləri hazırlamağa başlayıb.
Gəncə Dövlət Universitetinin professoru olan Şaiq Məmmədov AZƏRTAC-a bildirib ki, hələlik dünyanın heç bir yerində rast gəlinməyən bu sənətin adı məlum olmasa da, hazırlanan nümunələr daha çox Avropanın vitraj və mozaika sənətinə yaxındır. Şüşə qırıntıları ilə işləmə sənət dünyası üçün yenilikdir və yalnız bizə məxsusdur.
Sənətkar deyib ki, ilk vaxtlar ancaq birrəngli təsvirlər üzərində işləsə də, sonradan eyni rəngli şüşənin müxtəlif çalarlarını və ovuntusunu əldə etməsi onun daha mürəkkəb sənət nümunələri yaratmasına kömək edib. “Bu cür yenilik həm təsvirlərdə dinamikliyi artırır, həm də işıq-kölgə effektini düzgün qurmağa kömək edir. Həmçinin müxtəlif ölçülü şüşə qırıntılarının incəliklə yerinə qoyulması portretlərdə insanın üz cizgilərinin daha dəqiq işlənməsinə, istənilən təsvirin isə canlı və təsirli görünməsinə səbəb olur”, - deyə Şaiq Məmmədov bildirib.
Onun sözlərinə görə, tətbiqi-sənətin bu növünə gənclər arasında böyük maraq var. Elə ona görə də Gəncə Dövlət Universitetinin təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan tələbələrə seçmə fənn kimi rəngli şüşə qırıntıları ilə işləmə bacarıqları öyrədilir. Xarici ölkələrdən də dəvət alan sənətkar Azərbaycanda qalmaq və sənətinin sirlərini tələbələrə öyrətmək fikrindədir.
Əsasən Şərq klassiklərinin əsərlərindəki qəhrəmanlara həsr olunan miniatürlərə işlənən nümunələrin həm xarici qonaqlarda, həm də yerli sənətsevərlərdə daha böyük maraq yaratdığını deyən Şaiq Məmmədov gələcəkdə bu sənəti ölkəmizdə istehsal xarakterli sahəyə çevirməyin və mənfəət götürməyin mümkün olduğunu da vurğulayıb.