Atletika üzrə zona yarışlarına start verilib VİDEO
Xaçmaz, 28 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 28-də Xaçmaz Olimpiya İdman Kompleksində Yeniyetmələrin XI Respublika oyunlarının proqramına daxil olan atletika üzrə zona yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, 2002-2003-cü il təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən yarışların final mərhələsində 10 komandanın tərkibində 150-yə yaxın idmançı mübarizə aparır.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Qubadlı, Qobustan kollektivlərinin mübarizə apardığı birincilik Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə reallaşıb.
İki gün davam edəcək yarışda atletlər 60 və 300 metrə qaçış, uzunluğa tullanma, top atma və estafet mərhələlərində mübarizə aparır. Hər bir komandanı 7 oğlan və 7 qız təmsil edir. Zona mərhələsində qalib gələn 2 komanda finala vəsiqə qazanacaq. Birincilik 4 zona üzrə aparılır.
Birinciliyin final mərhələsi aprel ayında Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunacaq.