REGİONLAR
Xaçmazda Dekorativ Xalq Sənət Mərkəzi fəaliyyətə başlayıb VİDEO
Xaçmaz, 7 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Dekorotiv Xalq Sənət Mərkəzi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, mərkəzdə müxtəlif dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən 25 ildir daş üzərində oyma sənəti ilə məşğul olan Ədalət Elmanın əl işləri sərgilənir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Ədalət Elman daş üzərində oyma sənəti üzrə ölkəmizdə ən tanınmış rəssamlardandır. Onun müxtəlif mövzularda 500-dən çox əl işi var. Sənətkar daha çox portret, abstrakt və mənzərə janrlarına üstünlük verir. Ə.Elman Azərbaycanın bir çox siyasi, ictimai, mədəniyyət və incəsənət xadiminin, eləcə də görkəmli şair və yazıçısının portretlərini daş üzərinə həkk edib.
Mərkəzdəki “Ulu kökdən gələn şəxsiyyətlər” adlanan ağac kompozisiyası maraqla qarşılanır. Bu ağacın budaqlarına dahi şəxsiyyətlərin daş üzərində portretləri asılıb.
Yaxın gələcəkdə Dekorativ Xalq Sənət Mərkəzində daş üzərində oyma, dekorativ-tətbiqi sənət, həmçinin rəssamlıq dərnəkləri təşkil olunacaq.