106 nömrəli məktəbdə təntənəli Novruz tədbiri
Bakı, 19 mart, AZƏRTAC
Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 106 nömrəli tam orta ümumtəhsil məktəbində xalqımızın qədim və zəngin ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə “Milli-Mənəvi Dəyərlərimizin Təbliği” mövzusunda möhtəşəm bayram tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, məktəb rəhbərliyinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirin məqsədi şagirdlərə milli adət-ənənələrimizi aşılamaq, onlarda şəhərsalma mədəniyyəti və estetik zövqü formalaşdırmaqdır.
Böyük coşqu və bayram əhvali-ruhiyyəsi ilə keçən tədbirdə şagirdlərin hazırladıqları rəngarəng çıxışlar, maraqlı səhnəciklər, milli rəqslər və Novruz adət-ənənələrini əks etdirən kompozisiyalar qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Məktəbin həyətində xüsusi zövqlə qurulmuş bayram guşələri, səmənilər, bəzədilmiş xonçalar və milli mətbəximizin nümunələri bayram şənliyinə xüsusi rəng qatıb.
Eyni zamanda, tədbir çərçivəsində şəhərsalma mövzusuna həsr olunmuş təqdimatlar nümayiş etdirilib. Təqdimatlar şagirdlərdə müasir şəhər mədəniyyəti, estetik zövq və vətəndaş məsuliyyəti kimi mühüm dəyərlərin formalaşdırılmasına töhfə vermək məqsədi daşıyıb.