Fransada dövlət qulluqçuları maaş artımı tələbi ilə tətilə hazırlaşırlar
Paris, 6 sentyabr, AZƏRTAC
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı sentyabrın 29-da genişmiqyaslı tətil və etiraz aksiyaları keçirməyə çağırıb. Həmkarlar ittifaqları dövlət qulluqçularının maaşlarının artırılmasını, xüsusilə indeks balının yenidən qiymətləndirilməsini və dövlət xidmətlərinə əlavə maliyyə vəsaitinin ayrılmasını tələb edirlər.
AZƏRTAC xəbər verir ki, CGT, FO, CFDT, Unsa, FSU, Solidaires, CFE-CGC və FA-FP həmkarlar ittifaqları birgə bəyanatlarında 2027-ci il büdcəsi ilə bağlı ilkin açıqlamaların dövlət xidmətləri, əməkhaqqı və iş şəraiti sahəsində yeni məhdudiyyətlər yarada biləcəyini bildiriblər.
Tətilin hökumətin növbəti büdcə layihəsini təqdim etməsindən bir gün əvvəl keçirilməsi nəzərdə tutulur. Həmkarlar ittifaqları son üç ildə dondurulduğunu bildirdikləri indeks balının əhəmiyyətli dərəcədə artırılmasını, maaş cədvəllərinin yenilənməsini və dövlət xidmətlərinin ehtiyaclarının qarşılanması üçün daha çox büdcə vəsaitinin ayrılmasını istəyirlər.
Hökumət isə 2026-cı ildə dövlət qulluqçularının maaşlarının ümumi şəkildə artırılmasını nəzərdə tutmadığını bildirib. İqtisadiyyat Nazirliyi bunun əvəzinə müəyyən kateqoriyalar üzrə maaş və karyera ilə bağlı hədəfli tədbirlər təklif edib.
CGT-nin baş katibi Sofi Bine də dövlət xidmətləri və əməkhaqqı məsələlərinə diqqət çəkmək məqsədilə genişmiqyaslı tətil çağırışı edib. Həmkarlar ittifaqları sentyabrın 29-da dövlət qulluqçularının kütləvi şəkildə tətil aksiyalarında və nümayişlərdə iştirak edəcəyini gözləyirlər.