Şəhid qardaşı: Şuşada hər daşın öz hekayəsi var
Cəbrayıl, 6 sentyabr, AZƏRTAC
Şuşanın hər daşı, hər qayası mənim üçün qiymətlidir. Çünki bu şəhərin azadlığı asan başa gəlməyib. Biz illərlə Şuşanın həsrəti ilə yaşamışıq. Bu gün Cıdır düzündə dayanıb şəhərin gözəlliyini seyr edə biliriksə, bunun arxasında böyük bir qəhrəmanlıq, şəhidlərimizin və qazilərimizin fədakarlığı dayanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Cəbrayıl sakini, şəhid qardaşı Faiq Quliyev bildirib.
“Qayaların üzərinə müxtəlif adların yazıldığını görəndə insanın ürəyi ağrıyır. Ola bilsin ki, bunu edən şəxs sadəcə xatirə saxlamaq və özündən bir iz buraxmaq istəyib. Amma düşünmək lazımdır ki, bu, xatirə deyil, təbiətə vurulan zərərdir. Bir insanın şəxsi xatirəsi üçün yüz illərlə qorunub saxlanmalı olan təbiət abidəsinin görünüşünü dəyişdirmək düzgün deyil. Şuşada hər daşın, hər qayanın öz hekayəsi var. Bizim borcumuz həmin hekayəni qorumaqdır. Cıdır düzü gələn-gedənin öz adını yazacağı bir yer deyil. Bura xalqımızın yaddaşında xüsusi yeri olan, Qarabağın simvollarından birinə çevrilmiş məkandır. Mən hər kəsdən xahiş edirəm, Şuşaya gələndə bu torpağa hörmətlə yanaşsın. Öz adımızı qayalara yazmaq əvəzinə, şəhidlərimizin adını uca tutaq, onların bizə əmanət etdiyi bu torpaqları qoruyaq. Ən böyük iz də elə budur”, - deyə şəhid qardaşı bildirib.
Müxbir - Aydın Yavərzadə