Dosent: Tarixi və mədəni abidələrə hörmət milli mənəviyyatımızın göstəricisidir
Gəncə, 6 sentyabr, AZƏRTAC
Tarixi və mədəni abidələr hər bir xalqın keçmişini, milli yaddaşını və mənəvi dəyərlərini özündə yaşadan qiymətli irsdir. Bu abidələr hər biri xalqın tarixinin müəyyən bir səhifəsini, ulu babalarımızın həyatını, sənətini, dünya görüşünü və mədəniyyətini gələcək nəsillərə çatdıran canlı yaddaşdır. Tarixi abidələr keçmişlə bu gün arasında mənəvi körpü rolunu oynayır. Bu gün qoruduğumuz hər bir abidə gələcək nəsillərin tariximizi öyrənməsi üçün mühüm mənbədir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kafedra müdiri, dosent Elgün Aslanov deyib.
“Təəssüf ki, bəzən tarixi və mədəni abidələrin üzərinə müxtəlif yazıların, xüsusilə də küçə xarakterli sözlərin və ifadələrin yazılması hallarına rast gəlinir. İlk baxışda kiməsə adi bir hərəkət kimi görünə bilən bu davranış, əslində cəmiyyətin mədəni səviyyəsi və tarixi irsə münasibəti baxımından ciddi problemdir. Bir abidənin üzərinə yazılan boya, cızıq və ya digər müdaxilə isə onun ilkin görünüşünü dəyişdirir və bəzən bərpası mümkün olmayan zərər yaradır. Abidənin üzərinə yazı yazmaq yalnız onun zahiri görünüşünü korlamaq deyil. Bu hərəkət həmin abidənin daşıdığı tarixi və mənəvi məna qarşısında hörmətsizlikdir. Çünki bir insanın öz adını, fikrini və ya hər hansı ifadəni tarixi abidənin üzərinə yazması şəxsi iz buraxmaq deyil, ümumi milli sərvətə zərər vurmaqdır”, - deyə dosent bildirib.
Onun fikrincə, tarixi abidənin divarı şəxsi gündəlik, daş səthi isə insanların adlarını yazdığı lövhə deyil. Oradakı hər bir iz müəyyən tarixi dövrün, sənətkarlığın və mədəniyyətin yadigarıdır.
Bu məsələdən söhbət açarkən xüsusilə Şuşanın adını qeyd edən Elgün Aslanov deyib ki, Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtlarından biri deyil, həm də milli tariximizin və şəhər mədəniyyətimizin mühüm mərkəzlərindəndir.
Şuşanın tarixi məscidləri, yaşayış evləri, bulaqları, qalaları, qəbiristanlıqları, küçələri və digər memarlıq nümunələri əsrlərin yaddaşını özündə yaşadır. Buraya gələn hər bir insan həmin məkanlara adi turizm obyekti kimi deyil, xalqın tarixi irsinin bir parçası kimi yanaşmalıdır. Şuşanın daşına yazılan hər bir söz, divarına çəkilən hər bir cızıq yalnız həmin günün görüntüsünü dəyişmir. Bu, gələcəkdə həmin abidəni görəcək insanların tarixi daha dolğun şəkildə qavramasına da təsir göstərə bilər.
Şuşada Cıdır düzündə qaya daşlarının üzərinə adların yazılması tarixi abidələrimizə, milli qoruqlarımıza qarşı yanlış addımdır və qəbuledilməzdir. Şuşanın hər daşı, hər qayası, hər küçəsi və hər divarı özündə müəyyən bir tarixi yaddaş daşıyır. Bu şəhər uğrunda yüzlərlə insan həyatını itirib, şəhid olub. Buna görə də şəhidlərin xatirəsinin qorunması yalnız onların adlarının çəkilməsi və ya abidələrin önünə gül qoyulması ilə məhdudlaşmamalıdır.
Tarixi abidənin üzərinə yazı yazmaqla tarixə iz qoyulmur. Tarixə iz qoymaq üçün onu qorumaq, öyrənmək və gələcək nəsillərə olduğu kimi çatdırmaq lazımdır. Tarixi abidələr bizim keçmişimizdir. Onlara hörmət isə bizim mənəviyyatımızın göstəricisidir.
Müxbir - Elcan Məmmədov