Almaniyanın Saksoniya-Anhalt əyalətində parlament seçkiləri keçirilir
Berlin, 6 sentyabr, AZƏRTAC
Almaniyanın Saksoniya-Anhalt əyalətində parlament (Landtaq) seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq ictimaiyyətin də diqqətlə izlədiyi bu seçkilərdə təxminən 1,7 milyon seçici yerli vaxtla saat 18:00-dək səs verəcək. On beş partiyanın mübarizə apardığı bu seçkinin nəticələri təkcə Almaniyada deyil, beynəlxalq aləmdə də maraqla gözlənilir. Çünki bu seçkilər ölkənin siyasi mənzərəsi baxımından mühüm dönüş nöqtəsi ola bilər. Bu, respublika tarixində ilk dəfə sağçı populist Almaniya üçün Alternativ (AfD) partiyasının regional hökumətdə təmsil olunma ehtimalıdır.
Seçkiöncəsi rəy sorğularında AfD öndə qərarlaşsa da, ekspertlər 2021-ci il seçkilərinin nəticələrini xatırladaraq ehtiyatlı olmağa çağırırlar. Həmin vaxt sorğular baş-başa mübarizə proqnozlaşdırsa da, Xristian-Demokrat İttifaqı (CDU) 37,1 faiz səs toplayaraq AfD-ni (20,8 faiz) böyük fərqlə geridə qoymuşdu.
AfD-nin mövqelərinin güclənməsi cəmiyyətdə ciddi rezonans doğurub. Səsvermədən öncə Maqdeburq və Halle şəhərlərində demokratiyanın müdafiəsi şüarı altında minlərlə insanın iştirakı ilə aksiyalar təşkil olunub.
Seçicilərin rəyinə əyalətin sosial-iqtisadi durumu da birbaşa təsir göstərir. Saksoniya-Anhalt Almaniyada mənzil və kirayə qiymətlərinin ən aşağı olduğu region sayılır. Lakin burada orta illik əməkhaqqı (41 min 163 avro) ölkədəki orta göstəricidən (54 min 66 avro) xeyli aşağıdır.
AfD-nin reytinqinin artmasının əsas səbəbi seçicilərin hazırkı federal hökumətin miqrasiya, enerji və iqtisadi siyasətindən artan narazılığı ilə bağlıdır. Bu partiyanın əsas tələbləri miqrasiya nəzarətinin sərtləşdirilməsi və sığınacaq qaydalarının kəskin məhdudlaşdırılmasıdır. Ənənəvi partiyalar, xüsusilə CDU isə diqqəti iqtisadi sabitliyin qorunmasına, yeni investisiyaların cəlb edilməsinə və demokratik təsisatların möhkəmləndirilməsinə yönəldir.