Əziz Şiriyev: Şəhidlərimizin xatirəsini qayalara adlar yazmaqla deyil, Qarabağı qorumaqla yaşatmalıyıq
Bakı, 6 sentyabr, AZƏRTAC
Otuzillik işğaldan sonra azadlığına qovuşan Qarabağ torpaqlarının təbii, tarixi və mədəni irsinin qorunmasına xüsusi həssaslıqla yanaşılmalıdır. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq onların adlarını qayalara yazmaqla deyil, bu müqəddəs torpaqları göz bəbəyi kimi qorumaqla mümkündür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev söyləyib. Onun sözlərinə görə, şəhidlərin adlarının küçələrə, məktəblərə və digər ictimai obyektlərə verilməsi, onların xatirəsinə bulaqların və abidələrin yaradılması, eləcə də müxtəlif tədbirlərin, idman yarışlarının və intellektual turnirlərin təşkili qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi baxımından daha məqsədəuyğun və layiqli yanaşmadır.
“Ayrı-ayrı şəxslərin qayaların üzərinə şəhidlərin adlarını yazması, niyyətindən asılı olmayaraq, qəbuledilməzdir. Belə müdaxilələr ərazinin təbii görünüşünə xələl gətirməklə yanaşı, həm yerli və xarici turistlər, həm də media nümayəndələri tərəfindən birmənalı qarşılanmaya bilər. Bu cür görüntülərin yayılması ölkəmizin turizm imicinə mənfi təsir göstərə bilər”, – deyə ekspert vurğulayıb.
Ə.Şiriyev qeyd edib ki, şəhidlərin müqəddəs xatirəsinə ehtiram, ilk növbədə, onların uğrunda canlarından keçdikləri torpaqlara qayğı ilə yanaşmaqdan keçir: “Qarabağı göz bəbəyimiz kimi qorumalı, onun təbii və tarixi görkəminə zərər vura biləcək hərəkətlərdən çəkinməliyik. Qayaların üzərinə ad və sözlər yazmaq əvəzinə, bu ərazilərin özünəməxsusluğunu və ilkin görkəmini gələcək nəsillər üçün qoruyub saxlamalıyıq”.
Müxbir - Günel Alıyeva