Şair-publisist Hidayət Səfərli: Şuşanın daşına boya çəkilməz
İmişli, 6 sentyabr, AZƏRTAC
Qarabağ bizim üçün xəritədəki bir ərazi deyil. Bu torpağın hər qarışında bir tarix, hər daşında bir xatirə, hər qayasında bir şəhid nəfəsi var. Qarabağ bizim üçün qələbənin sevincindən daha böyük məna daşıyır o, Vətən uğrunda verilən qurbanların müqəddəs yadigarıdır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində şair-publisist Hidayət Səfərli söyləyib.
“Şuşaya gedən insan sadəcə bir şəhərə səfər etmir. O, Azərbaycan tarixinin ən ağrılı və şərəfli səhifələrinin yazıldığı məkana qədəm qoyur. Bu səbəbdən Şuşada atılan hər addımın, edilən hər hərəkətin öz mənəvi məsuliyyəti olmalıdır.
Bu gün rahatlıqla keçdiyimiz yolların, seyr etdiyimiz mənzərələrin arxasında ağır bir Zəfər yolu dayanır. Şuşanın sıldırım qayalarına gecənin qaranlığında, çətin relyefdə, ölüm təhlükəsini gözə alaraq qalxan igidlərimizin qəhrəmanlığını təsəvvür etmək belə insanı duyğulandırır. Onlar həmin qayalara boya ilə deyil, canları və qanları ilə tarix yazıblar. Elə buna görə də həmin yerlərdə döyüşlərin izlərini qorumaq bizim borcumuzdur. Qayaların, daşların, tarixi mövqelərin üzərinə müxtəlif yazılar yazmaq, boya çəkmək, adlar həkk etmək nə qədər xoş niyyətlə edilsə də, doğru deyil. Şəhidin adını yaşatmaq üçün onun qanı ilə yoğurulmuş daşı dəyişməyə ehtiyac yoxdur. Şəhid adı daşın üzərində deyil, xalqın yaddaşında yaşamalıdır. Onun ən böyük abidəsi Vətən torpağı, ən böyük kitabəsi isə xalqın qəlbidir. Tarixi döyüş məkanını özfəaliyyət üsulu ilə dəyişdirmək həmin müqəddəs məkanın təbii və tarixi görkəminə xələl gətirə bilər. Şəhidlərimizin xatirəsinə ehtiram göstərməyin yolu onların döyüşdüyü qayaları rəngləmək yox, o qayaları olduğu kimi qorumaqdır. Çünki sabah həmin yerlərə gələcək nəsillər Şuşanın azadlığı uğrunda gedən döyüşlərin izlərini görməlidirlər. Onlar bilməlidirlər ki, bu qayalar sadəcə daş deyil. Bu qayalar bir xalqın iradəsinin, qəhrəmanlığının və fədakarlığının şahididir.
Qarabağın hər yerinə böyük həssaslıqla yanaşmalıyıq. Orada davranışımız da, danışığımız da, qoyduğumuz iz də milli yaddaşımıza uyğun olmalıdır. Hər kəs bilməlidir ki, azad edilmiş torpaqlarda özfəaliyyətə deyil, məsuliyyətə; nümayişə deyil, ehtirama; yazı yazmağa deyil, tarixi qorumağa ehtiyac var. Şuşanın hər daşı öz sözünü deyir. Ona boya ilə əlavə söz yazmağa ehtiyac yoxdur. Şəhidlərin qanı ilə yazılmış tarixə əl vurmaq olmaz. Qanla yazılan tarixə boya çəkilməz. Şəhidin izinə yazı yazılmaz. Şuşanın daşları rənglənməz qorunar. Çünki o daşların altında tarix, üstündə isə şəhidlərimizin müqəddəs izi var”, - deyə Hidayət Səfərli bildirib.
Müxbir - Aydın Yavərzadə