“Cıdır düzündə qayalara ad yazılmasını düzgün qiymətləndirmirəm” - müharibə veteranı
Şəki, 6 sentyabr, AZƏRTAC
Taleyin alın yazısıdır. Birinci Qarabağ müharibəsi dövründə polis orqanlarında zabit kimi çalışarkən Şuşa ətrafında gedən döyüşlərdə iştirak etmişəm. Hətta rəhbərlik etdiyim komanda ilə mühasirəyə düşsək də, oradan çıxa bilmişik. Üzərindən illər keçəndən sonra oğlum Anar Əhmədov da zabit kimi 44 günlük Vətən müharibəsində döyüşlərə könüllü qatılıb. Xəsarət alsa da, yenidən döyüşçü yoldaşlarının yanına qayıdıb.
Sizə yüzlərlə bu taleyi qürurla yaşayan, bu şanlı yolu şərəflə keçən ata və oğulları misal çəkə bilərəm. Bu gün Şuşanın adı gələndə istər-istəməz o günlərə qayıtmalı oluruq. Lakin qaya və daşlara, divarlara adların yazılmasını eşidəndə, mətbuatdan oxuyanda çox narahat olduq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov Cıdır düzündə qayalara, eləcə də oradakı digər maddi-mədəniyyət nümunələrinə adların yazılmasına, şəkillərin çəkilməsinə öz narahatlığını ifadə edərkən belə deyib.
Şura sədri bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin torpaqları işğaldan azad edilməklə yanaşı, antiterror əməliyyatlarının keçirilməsi ilə dövlət suverenliyimiz də bərpa olunub. Müzəffər Ali Baş Komandan ilk gündən Qələbənin qazanılmasında hər kəsin, xüsusən də şəhid və qazilərin misilsiz xidmətlərini vurğulamaqla yanaşı, onların adlarının və xatirələrinin əbədiləşdirilməsi istiqamətində ardıcıl, məqsədyönlü işlər aparılır.
“Bütün bunların fonunda müqəddəs Cıdır düzündə daşlara, qayalara adların yazılmasını keçmiş döyüşçü, müharibə veteranı kimi düzgün qiymətləndirmirəm. Biz onları uşaq bağçalarında, elm və təhsil ocaqlarında, ali və hərbi məktəblərdə tanıtmalı və yaşatmalıyıq”, – deyən Vaqif Əhmədov tarixi abidələrimizə, milli-mənəvi dəyərlərimizə zərər vuranların cəzalandırılması üçün müvafiq tədbirlərin görülməsini məqbul hesab edir.
Müxbir - Rasim İslamoğlu