Turizm eksperti: Şuşanın qayalarında bizim adlarımız deyil, bu şəhərin öz tarixi qalmalıdır
Bakı, 6 sentyabr, AZƏRTAC
Şuşa və xüsusilə Cıdır düzü adi turizm məkanı deyil. Bu ərazi Azərbaycan xalqının tarixi yaddaşı, mədəniyyəti və milli kimliyi ilə bağlı mənəvi və rəmzi əhəmiyyət daşıyır. Buna görə də qayaların, daşların və ümumiyyətlə, təbii landşaftın üzərinə adların, tarixlərin və müxtəlif yazıların həkk edilməsi və ya boya ilə yazılması, yazının məzmunundan və niyyətindən asılı olmayaraq, düzgün yanaşma sayıla bilməz. Şəhidlərimizin xatirəsi bizim üçün müqəddəsdir və buna görə onların adlarının əbədiləşdirilməsi də layiqli, qanunvericiliyə uyğun və bunun üçün müəyyən edilmiş məkanlarda həyata keçirilməlidir. Cıdır düzü isə memorial lövhə və ya qraffiti sahəsi deyil; onun öz tarixi və təbii siması qorunmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi deyib. O bildirib ki, ilk növbədə ziyarətçi mədəniyyəti formalaşdırılmalıdır: “Şuşaya təşkil olunan turların proqramında səfərdən əvvəl qısa davranış qaydalarının izahı, bələdçilər tərəfindən qoruq rejimi haqqında məlumatlandırma, əsas giriş və ziyarət nöqtələrində aydın, lakin məkanı vizual baxımdan yükləməyən xəbərdarlıq nişanları, QR-kod vasitəsilə davranış qaydalarına çıxış kimi mexanizmlər tətbiq oluna bilər. Turist bilməlidir ki, təbiət və mədəni irs obyektinə yazı yazmaq sadəcə estetik baxımdan qəbuledilməz davranış deyil, müəyyən hallarda hüquqi məsuliyyət də yarada bilər.
Qoruq ərazilərində profilaktika nəzarətdən daha effektiv olmalıdır. Xüsusilə intensiv ziyarət edilən həssas nöqtələr müəyyənləşdirilməli, həmin sahələrdə mütəmadi patrul və müşahidə, zərurət olduqda videomüşahidə, zədələnmələrin fotoqeydiyyatı və vahid monitorinq sistemi qurulmalıdır. Burada məqsəd hər turistin arxasınca nəzarətçi qoymaq deyil. Əsas məqsəd ziyarətçinin hələ hərəkəti törətməzdən əvvəl bunun yolverilməz olduğunu bilməsi və ərazidə real nəzarətin mövcudluğunu hiss etməsidir”.
Onun sözlərinə görə, konkret hadisəyə hansı hüquqi normanın və hansı sanksiyanın tətbiq olunması zədələnmiş obyektin hüquqi statusundan və əməlin xarakterindən asılıdır: “Azərbaycan Avropa Şurasının Landşaft Konvensiyasının iştirakçısıdır. Konvensiyanın yanaşmasının mahiyyəti landşaftı sadəcə təbiət mənzərəsi deyil, insanın qavradığı və təbii, eləcə də insan amillərinin qarşılıqlı təsiri nəticəsində formalaşan irs və yaşayış mühiti kimi qorumaqdır. Azərbaycan Konvensiyanı 2011-ci ildə ratifikasiya edib. Bu yanaşma Cıdır düzü kimi ərazilər üçün xüsusilə əhəmiyyətlidir: burada qorunmalı olan yalnız ayrıca daş və ya qaya deyil, bütövlükdə tarixi-mədəni landşaftın autentikliyidir.
Şuşaya səfər yalnız turizm səfəri deyil, həm də mədəni məsuliyyətdir. Biz turist sayının artmasını istəyirik, amma ziyarətçi axınının artması mədəni-tarixi irsə düşən antropogen yükün də artması deməkdir. Ona görə müasir turizm siyasətində “daha çox turist” yanaşması “daha məsuliyyətli turist” yanaşması ilə paralel aparılmalıdır. Şuşanın qayalarında bizim adlarımız deyil, Şuşanın öz tarixi qalmalıdır. Azərbaycan Ekoturizm Assosiasiyası olaraq hesab edirik ki, Şuşanın, o cümlədən Cıdır düzünün tarixi, mədəni və təbii simasının qorunması hər birimizin ortaq məsuliyyətidir. Şəhidlərimizin adının uca tutulması bizim üçün mənəvi dəyərdir. Məqsəd yalnız pozuntuya reaksiya vermək deyil, insanlarda məsuliyyətli davranış formalaşdırmaq və oxşar halların təkrarlanmasının qarşısını almaq olmalıdır.
Yada salmaq istərdim ki, ekoturizmin əsas prinsiplərindən biri ziyarət etdiyimiz məkanı bizdən sonra gələnlər üçün mümkün qədər toxunulmaz saxlamaqdır. Şuşaya münasibətdə isə bu məsuliyyət ikiqatdır: biz burada həm təbiəti, həm tarixi, həm də xalqımız üçün son dərəcə həssas olan mənəvi irsi qoruyuruq”.
Müxbir - Nailə Həsənova