Tarixi irsin qorunması yalnız dövlətin deyil, hər bir insanın məsuliyyətidir ŞƏRH
Bakı, 6 sentyabr, AZƏRTAC
Şuşada baş verən son hadisə ictimaiyyətin bu məsələyə həssas münasibətini bir daha göstərdi. Lakin məsələyə yalnız konkret hadisə çərçivəsində baxmaq düzgün olmazdı. Xüsusilə orada yazılanların məzmununun müzakirənin əsas mövzusuna çevrilməsinə də ehtiyac yoxdur. Məsələ daha genişdir: bizim tarixi abidələrə, qoruqlara, ümumiyyətlə, ictimai və tarixi məkanlara münasibətimiz necədir?
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib. O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında tarixi abidələrin qorunması konstitusion vəzifələrdən biri kimi müəyyənləşdirilib.
“Şuşa bu baxımdan xüsusi həssaslıq tələb edir. Şəhərin özü bütöv bir tarixi-mədəni mühitdir. Burada söhbət yalnız rəsmi olaraq abidə statusu verilmiş binalardan getmir. Şəhərin memarlığı, küçələri, qayaları, təbii landşaftı – bütün bunlar Şuşanın tanıdığımız simasını formalaşdırır. Ora gedən insan da harada olduğunu və bu şəhərə nə üçün xüsusi münasibət göstərməli olduğunu bilməlidir. Lakin bunu yalnız Şuşanın problemi kimi təqdim etsək, məsələnin daha böyük tərəfini gözdən qaçırarıq", - deyə hüquqşünas qeyd edib.
Ə.Nuriyev xatırladıb ki, vaxtilə Bakının mərkəzində, Nizami Kino Mərkəzinin binasında da müxtəlif yazılara rast gəldik. Digər tarixi binalarda, parklarda və istirahət məkanlarında da eyni mənzərəni görmək mümkündür. Deməli, problem coğrafiyada deyil, münasibətdədir.
“İnsan niyə tarixi binanın divarına, abidəyə, qayaya və ya ümumi istifadədə olan digər obyektə öz adını yazmağı normal hesab edir? Bunun düzgün olmadığını bilmək üçün qanunda ayrıca qadağa axtarmağa ehtiyac yoxdur. Əlbəttə, məsələnin hüquqi tərəfi də var. Hər daş, hər qaya və hər bina hüquqi baxımdan eyni statusda deyil. Əgər müdaxilə dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidəsinə və ya xüsusi mühafizə rejimi tətbiq olunan əraziyə edilibsə, konkret hüquqi məsuliyyət məsələsi ortaya çıxır. Digər hallarda isə əmlaka vurulan ziyanın xarakterindən asılı olaraq hüquqi qiymət verilə bilər. Yəni hər hadisəyə konkret faktlar əsasında baxılmalıdır. Lakin bütün məsələni cərimə ilə məhdudlaşdırmaqla problemi həll etmək mümkün deyil. Hər tarixi binanın və hər qayanın yanında nəzarətçi və ya polis əməkdaşı saxlamaq da mümkün deyil. İnsan özü anlamalı və bilməlidir ki, ictimai və tarixi məkan onun üçün şəxsi qeyd dəftəri deyil”, - deyə o əlavə edib.
Hüquqşünasın sözlərinə görə, bu kontekstdə nəzərə alınmalı başqa bir məqam da var: “Daşa və ya tarixi binaya nəsə yazmaq çox asandır. Onu əvvəlki vəziyyətinə qaytarmaq isə həmişə asan olmur. Bəzən yazının silinməsi üçün edilən müdaxilə səthin özünə əlavə zərər vura bilər. Tarixi materiallarla işləyərkən isə məsələ daha həssasdır və peşəkar yanaşma tələb edir. Buna görə belə hadisələrdən sonra yalnız “Kim etdi?”, “Hansı cəza verildi?” suallarının müzakirə olunmasını yetərli hesab etmirəm. Cəza lazımdırsa, tətbiq edilməlidir. Bununla yanaşı, davranış mədəniyyəti formalaşdırılmalıdır. Tarixə və mədəni irsə münasibət məktəbdən, ailədən və gündəlik həyatımızdan başlamalıdır”.
Şuşadakı hadisənin bu mövzunu yenidən gündəmə gətirdiyini bildirən Ə.Nuriyev deyib: “Müzakirəni daha geniş müstəvidə aparmaq lazımdır. Şuşanı xüsusi həssaslıqla qorumalıyıq. Eyni zamanda Bakıda, Şəkidə, Gəncədə, Qubada, Lənkəranda – ölkənin istənilən yerində tarixi binaya və ya abidəyə münasibət eyni mədəniyyətin göstəricisidir. Dövlət qoruqlar yaradır, abidələri bərpa edir, mühafizə sistemini qurur. Bunlar, əlbəttə, çox vacib və əhəmiyyətlidir. Lakin nəticə etibarilə çox şey insanın öz davranışından asılıdır. Tarix və mədəni irs bizə məxsusdur. Lakin bu, onunla istədiyimiz kimi davranmaq hüququ verdiyi anlamına gəlmir. Biz həmin irsi gələcək nəsillərə də çatdırmalıyıq”.