Tural Gəncəliyev: Tarixi abidələrin qorunması ümumbəşəri məsuliyyətdir
Bakı, 6 sentyabr, AZƏRTAC
Bütün dünyada mədəni və tarixi abidələrin, xalqların tarixini, mədəniyyətini əks etdirən dəyərli nümunələrin qorunması, saxlanılması, onlara hörmət və ehtiramla yanaşılması qəbul edilmiş əsas normalardan biridir. Mədəni və tarixi irsin qorunması ilə bağlı beynəlxalq hüquqda müvafiq konvensiyaların mövcudluğu da bu yanaşmanın əhəmiyyətini göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputat qeyd edib ki, UNESCO-nun 1954-cü ildə qəbul etdiyi “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Konvensiya mədəni mülkiyyətin, tarixi və mədəni abidələrin qorunmasına beynəlxalq səviyyədə verilən əhəmiyyətin göstəricilərindən biridir. Maddi mədəni irs nümunələrinin qorunması yalnız ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin məsuliyyətidir.
“Azərbaycan ərazisində çoxsaylı mədəni qoruqlar və tarixi abidələr var. Bunların bir çoxu yalnız Azərbaycan xalqının milli irsi deyil, həm də ümumbəşəri tarixi və mədəni irsin nümunələridir. Bakı, Qarabağ, Şəki və ölkəmizin digər bölgələrində yerləşən bir sıra abidələr dünya mədəni irsinin tərkib hissəsi kimi tanınır və onların qorunması xüsusi əhəmiyyət daşıyır”, – deyə Tural Gəncəliyev vurğulayıb.
O bildirib ki, dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da mədəni abidələrin xarici görünüşünə zərər vura biləcək hərəkətlər yolverilməzdir. Bu məsələyə yalnız estetik baxımdan yanaşmaq düzgün deyil. Belə hərəkətlər, ilk növbədə, insanların öz tarixinə və mədəniyyətinə münasibətini göstərir. Dünyanın əksər ölkələrində mədəni irsə zərər vuran bu cür davranışlara həssas yanaşılır və onların qarşısının alınması vacib hesab olunur.
“İstər Azərbaycanın paytaxtında, istər regionlarımızda, istərsə də Qarabağda və ölkəmizin digər ərazilərində tarixi və mədəni abidələrin üzərinə müxtəlif yazıların yazılması, onların üzərində izlərin buraxılması doğru deyil. Bu, hər şeydən əvvəl tarixə və mədəniyyətə hörmətsizlikdir. Azərbaycan qədim tarixi və zəngin mədəni irsi ilə dünya sivilizasiyasının mühüm hissələrindən biridir”, – deyə Milli Məclisin deputatı bildirib.
T.Gəncəliyev qeyd edib ki, həm beynəlxalq hüququn tələbləri, həm də Azərbaycan xalqının yaratdığı zəngin mədəni və tarixi irsin dəyəri hər bir vətəndaşdan bu abidələrə məsuliyyətli münasibət tələb edir. “Tarixi abidələr qorunmalı, onlara hörmət və ehtiramla yanaşılmalı, üzərlərinə yazılar yazılmamalı, onların xarici görkəminə və bütövlüyünə zərər verə biləcək hərəkətlərə yol verilməməlidir. Biz bu abidələri yalnız özümüz üçün qorumuruq. Azərbaycan xalqının qədim tarixi, mədəni ənənələri və zəngin irsi, eyni zamanda, dünya sivilizasiyasının bir hissəsidir. Ona görə də bu dəyərləri qorumaq, gələcək nəsillərə sağlam və toxunulmamış şəkildə çatdırmaq hər birimizin məsuliyyətidir”, – deyə deputat qeyd edib.
Müxbir - Səbinə Əlizadə