Etibar Hüseynova: Şəhidlərin xatirəsinə hörmətlə yanaşmalı, tarixi və mədəni irsimizi qorumalıyıq
Bərdə, 6 sentyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada tarixi abidələrin, qayaların üzərinə ad və müxtəlif yazıların yazılması, ərazilərə zibil və digər tullantıların atılması yolverilməzdir. Azad edilmiş torpaqlara səfər edən hər bir vətəndaş bu ərazilərin tarixinə, təbiətinə və mədəni irsinə hörmətlə yanaşmalı, onların təmizliyinin və qorunmasının qayğısına qalmalıdır.
Bunu Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (AQMƏVŞAİB) Bərdə rayon filialının sədri, Azərbaycan Bayrağı ordenli şəhid Sərhəd Zöhrabbəyovun həyat yoldaşı Etibar Hüseynova AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib.
O deyib ki, Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfərləri zamanı qayaların, tarixi abidələrin üzərinə müxtəlif yazıların yazıldığını, ətrafa zibil və digər tullantıların atıldığını görmək onu çox məyus edir. “Mən Şuşaya səfər edərkən şəhid qanı tökülmüş yerlərə, qayaların, tarixi abidələrin üzərində şəxs adlarının yazılmasını, Cıdır düzündə və digər yerlərdə natəmizlik gördükdə çox məyus oluram. Mən istəyirəm ki, vətəndaşlarımız azad edilmiş ərazilərə gedərkən şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq təmizliyə riayət etsinlər”, - deyə Etibar Hüseynova bildirib.
“Qırx dörd günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfər tarixini yazıb. Uzun illər işğal altında olan torpaqlarımız şəhidlərin və qazilərin qanı, canı bahasına azad edilib. Ona görə də bu torpaqlarda şəhidlərin xatirəsinə hörmətlə yanaşmalı, tarixi və mədəni irsimizi qorumalıyıq”, - deyə şəhidin həyat yoldaşı vurğulayıb.