Oğuz ziyalısı: Şəhidlərimiz öz adlarını tariximizə və ürəklərimizə əbədi yazıblar
Oğuz, 6 sentyabr, AZƏRTAC
Mediada, internetdə Qız qalasına, Nizami Kinoteatrının divarlarına müxtəlif adların, yazıların yazılması və xüsusən də Azərbaycanın, bütün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində qayaların üzərinə şəhid adlarının, digər yazıların yazılması barədə məlumatları üzüntü və təəssüflə izləyirəm.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Oğuz xəbərləri” qəzetinin redaktoru Nazim Hüseynli AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində son günlər qaya və daşların üzərinə yazılanlarla bağlı narahatlığını ifadə edərkən belə deyib.
Yazıçı-jurnalist bildirib ki, şəhidlərimiz öz adlarını göstərdikləri qəhrəmanlıqları ilə tariximizə və ürəklərimizə əbədi olaraq yazıblar. Onların adlarının qayalara, müxtəlif məkanlara yazılmasına ehtiyac yoxdur. Belə hərəkət edənlər şəhidlərimizi nə qədər sevsələr də özləri bilmədən onların xatirəsinə layiq olmayan hərəkət edirlər. Şəhidlərimizin qanı ilə suvarılmış Şuşa şəhərinin hər bir küçəsi, binası, meydanı, kompleksi, qayası, daşı belə naşı, ziyanlı hərəkətlərdən qorunmalıdır. Belə hərəkətlərin mədəni abidələrimizə, Şuşanın görkəminə xələl gətirməsini, şəhidlərimizin ruhuna hörmətsizlik olduğunu işğaldan azad edilmiş ərazilərə gedən hər kəs başa düşməlidir. Aidiyyəti qurumlar, mətbuat, ziyalılar bu sahədə təbliğat işini gücləndirməlidir.
Müxbir - Rasim İslamoğlu