Sokolovda Milli Azlıqlar Festivalında Azərbaycan mədəniyyəti təqdim olunub
Praqa, 6 sentyabr, AZƏRTAC
Çexiyanın Kralovski Krayının Sokolov şəhərində milli azlıqların mədəniyyətinə həsr olunmuş festival keçirilib.
AZƏRTAC xəbər verir ki, Sokolov şəhərinin və Kralovski Kray Magistratının təşkilati və təbliğat dəstəyi ilə keçirilən festivalda Ukrayna, Rusiya, Monqolustan, Gürcüstan, Qazaxıstan, Azərbaycan, Vyetnam, Çin, Portuqaliya, Serbiya, Bosniya və Herseqovina və digər ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd Çexiyada yaşayan müxtəlif milli icmaların öz mədəniyyətlərini, adət-ənənələrini, musiqi və rəqslərini, milli mətbəx nümunələrini təqdim etmələrinə imkan yaratmaq olub.
Azərbaycan festivalda “Land of Fire” cəmiyyətinin təsisçisi, Azərbaycan diasporunun Şərqi Avropa Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev və Samir Varisoğlu Məcidov tərəfindən təmsil olunub.
Azərbaycanın festivalda iştirakı ölkəmizin Çexiyadakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Land of Fire” cəmiyyəti tərəfindən təşkil edilib.
Festival çərçivəsində Azərbaycan milli geyimləri nümayiş etdirilib, milli mətbəximizin müxtəlif nümunələri iştirakçılara təqdim olunub.
Tədbirin səhnə proqramında Azərbaycan musiqisi və milli rəqsləri də təqdim olunub. Gülər Abdullayeva Archerin iştirakı ilə Azərbaycanın üç mahnısı ifa edilib, daha sonra üç milli rəqs nümayiş etdirilib.
Proqramın sonunda Çexiyanın müxtəlif şəhərlərindən festivala qatılan 20-25-ə yaxın azərbaycanlının iştirakı ilə milli yallı rəqsi nümayiş etdirilib. Rəqsə Kralovski Kray Magistratının əməkdaşları və digər xarici qonaqlar da qoşulublar. Bu, festivalın ən yaddaqalan və izdihamlı anlarından birinə çevrilib.
Festival çərçivəsində Azərbaycan-Çexiya dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafına töhfə verən xüsusi mərasim də keçirilib. “Land of Fire” cəmiyyətinin təsisçisi Fərid Əmirəliyev tərəfindən festivalın təşkilatçısına və Kralovski Kray Magistratının rəhbərinin müavininə Azərbaycan milli geyimi hədiyyə olunub.
Bundan əlavə, tədbirdə iştirak edən rəsmi şəxslərə və xüsusi qonaqlara Azərbaycanı və onun zəngin mədəni irsini əks etdirən suvenirlər təqdim edilib.
Festival iştirakçıları Azərbaycan təqdimatına böyük maraq göstəriblər. Milli geyimlər, Azərbaycan mətbəxi, musiqisi və rəqsləri yerli sakinlər və müxtəlif ölkələrin nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb.
Sokolovda keçirilən Milli Azlıqlar Festivalı müxtəlif xalqların mədəniyyətlərinin bir araya gətirilməsi, qarşılıqlı hörmət və anlaşmanın təşviqi, eləcə də Çexiyada yaşayan milli icmalar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli tədbir olub.