Razi İbrahimov: Tarix qayalardakı güllə izlərini artıq qəbul edib, həmin izlərə toxunmaq olmaz
Bakı, 6 sentyabr, AZƏRTAC
Şuşanın qayalarında qalan güllə izləri bu torpağın yaxın tarixindən xəbər verən səssiz şahidlərdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında mayor Razi İbrahimov söyləyib. O vurğulayıb ki, həmin güllə izlərinin arxasında döyüş, təhlükə, fədakarlıq və Vətən uğrunda canından keçmiş insanların taleyi dayanır.
Qarabağda döyüşlərdə iştirak etmiş və Şuşada həmin əraziləri görmüş hərbçi kimi o, qayalarda qalan güllə izlərinin şahidi olub. Müsahibimizin sözlərinə görə, bulağın ətrafındakı qayalarda və digər ərazilərdə belə izlərə rast gəlinirdi. Bu izlər artıq həmin torpağın tarixinin bir hissəsinə çevrilib.
Razi İbrahimov şəhidlərin keçdiyi yolların, qoyduğu izlərin və həmin ərazilərin qorunmasının vacibliyini xüsusi vurğulayaraq deyib: “Şəhidlərin ayaq izlərinin üstünə iz qoymaq ən azından vicdansızlıqdır. Artıq tarix o izləri qəbul eləyib. Sonradan o şəhid izinin, ayaq izinin yerinə kimsə öz adını həkk etmək istəyirsə, o, vicdanı qarşısında bir az düşünsün, ondan sonra o hərəkəti etsin. Sonradan qoyulan izlər heç vaxt yaşamır. Amma tarixin izi həkk olunubsa, o həmişə yaşayacaq”.
Müsahibimiz vurğulayıb ki, həmin qayalarda daha böyük və daha qiymətli izlər var – Azərbaycan əsgərinin döyüş izi, şəhidlərin ayaq izi, güllələrin qoyduğu iz.
“Bir qayanın üzərindəki güllə izi bəlkə də bir neçə saniyəlik döyüş anının nəticəsidir. Amma həmin iz illər sonra belə bizə o anı xatırlada bilər. O danışmır, lakin çox şey deyir. Ona görə də belə izləri qorumaq yalnız tarixi obyektin qorunması deyil, həmin hadisənin yaddaşda saxlanılmasıdır.
İnsan tərəfindən sonradan yazılan ad isə bu tarixi yaddaşa heç nə əlavə etmir. Əksinə, mövcud olan tarixi izə müdaxilə edir. Bu baxımdan “mən də burada olmuşam” düşüncəsi ilə qayaya ad yazmaq əslində insanın öz izini tarixdən üstün tutması təsiri yaradır.
Halbuki burada yadda qalmalı olan turistin adı deyil. Burada yadda qalmalı olan Vətən uğrunda döyüşən və şəhid olan insanların izidir.
Şuşaya gələn hər bir insan bunu dərk etməlidir. Buradakı qayalar şəxsi xatirə dəftəri deyil. Bu qayalar müharibənin şahididir. Onların üzərindəki güllə izləri qorunmalı, heç bir yazı, cızıq və digər müdaxilə ilə örtülməməlidir.
Şəhidlərin xatirəsinə ehtiram onların adını hər yerdə yazmaqla deyil, onların qoyduğu tarixi izləri qorumaqla göstərilir.
Sonradan qoyulan izlər silinə bilər, unudula bilər. Amma tarixin qoyduğu izlər yaşayır. Bizim borcumuz həmin izi öz adımızla dəyişdirmək yox, olduğu kimi gələcək nəsillərə çatdırmaqdır”, - deyə Razi İbrahimov bildirib.
Müxbir -Tünzalə Arazlı