CƏMİYYƏT
“Səyyar kitabxana” layihəsinin növbəti mərhələsinin icrasına start verilib VİDEO









Bakı, 12 mart, Həsrət Mahmudova, AZƏRTAC
Martın 12-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Səyyar kitabxana” layihəsinin növbəti mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev layihənin həyata keçirilməsində əsas məqsədin gənclərin kitab oxumağa marağının artırılması, onların kitab və elektron kitab vəsaitləri ilə təmənnasız təmin olunması olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə açılışı həyata keçirilmiş layihə 2013-2017-ci illərdə Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvan, Quba, Astara, Bərdə, Qazax, Tovuz, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay, Cəlilabad, Biləsuvar, Qusar, Xaçmaz, Gədəbəy, Şəmkir, Qəbələ, İsmayıllı, Naftalan, Balakən, Qax rayon və şəhərlərində uğurla reallaşdırılıb, minlərlə oxucunu əhatə edib.
“Səyyar kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (Azərbaycan, rus, ingilis və türk) dildə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.
Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, eləcə də tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir.
“Səyyar kitabxana” mart-may ayları ərzində Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl (Cocuq Mərcanlı kəndi), Beyləqan və İmişli rayonlarında fəaliyyət göstərəcək.
Sonra “Səyyar kitabxana” ilə tanışlıq olub.