Abşeronlular bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruzu böyük coşqu ilə qarşılayırlar VİDEO












Xırdalan, 16 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Baharın gəlişinin carçısı olan Novruz bayramı Abşeron rayonunda da böyük izdihamla qeyd edilir. Martın 16-da Xırdalan şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ümumrayon şənliyinə 3 mindən çox insan qatılıb.
AZƏRTAC xəbər verir ki, Dədə Qorqud və Bahar qız yazın gəlişini müjdə verməklə abşeronluları salamlayıb. Bayram şənliyinin məşəlini alovlandırmaq üçün “Yanardağ” Dövlət-Tarix Mədəniyyət və Təbiət Qoruğundan gətirilən alovla tonqal qalanıb.
Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın, hüquq-mühafizə orqanlarının, ictimaiyyət nümayəndələrinin qatıldığı bayram şənliyində xalq oyunları, milli rəqslər, Vətənimizi tərənnüm edən musiqilər, Keçəl və Kosanın məzəli əhvalatları, xoruz döyüşü, cəngi sədaları altında idmançıların rəngarəng çıxışları və kəndirbazların hərəkətləri abşeronluların bayram əhvali-ruhiyyəsini daha da artırıb.
Yazın gəlişini bildirən və xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, ümumtəhsil məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şeirləri, folklor kollektivlərinin maraqlı çıxışları, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Milli geyimli qızlar şənlik iştirakçılarına şirniyyat paylayıblar. Bildirilib ki, xalqımız qədim türk məişətini, əxlaqını, inancını və bədii zövqünü özündə cəmləşdirən Novruz bayramı ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz şənliyi respublikanın tanınmış incəsənət xadimləri və Abşeron Rayon Mədəniyyət Evinin kollektivinin hazırladığı bayram konserti ilə davam edib.