REGİONLAR
Qusarda iki şəhid ailəsi üçün fərdi ev tikilib VİDEO





Qusar, 4 iyun, Elxan Yusifli, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qusar rayonunda şəhid ailələri üçün iki fərdi evin tikintisi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzində inşa olunan evlər yaxın günlərdə sahiblərinə təhvil veriləcək.
Birmərtəbəli iki otaqdan ibarət evlər üçün dörd sot həyətyanı sahə ayrılıb. Mənzillər su, qaz, istilik sistemi ilə təmin edilib. Evlər sahiblərinə təhvil verilməmişdən qabaq həyətyanı sahələrində abadlıq işləri aparılacaq.
Fərdi mənzillərin tikintisinə 2017-ci ilin sentyabr ayından başlanılıb.
1992-ci ildə Qarabağ müharibəsində şəhid olan Mehman Həsrətovun atası Dövlətxan Həsrətov bu kateqoriyadan olan şəxslərə göstərilən dövlət qayğısından razılığını bildirib: “Bu gözəl evi qısa müddətdə tikdilər. Yaxın vaxtlarda ailəmlə birlikdə bura köçəcəyik. Oğlum Vətən uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalıb. Şəhid ailələrinə, eləcə də döyüşlərdə sağlamlığını itirən şəxslərə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir”.
Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Qusar rayon təşkilatının sədri Canəli Hörmətov bildirib ki, son illərdə rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir 16 mənzilli bina, eləcə də 5 fərdi ev tikilərək istifadəyə verilib.