REGİONLAR
Kürdəmirdə 34 kilometrlik avtomobil yolunun yenidən qurulması başa çatır VİDEO
Bakı, 10 avqust, AZƏRTAC
Kürdəmir rayonunda 34 kilometr uzunluğu olan Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, başlanğıcını Bakı-Ələt-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 184-cü kilometrindən götürən Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 8 mindən çox əhalinin yaşadığı 3 kənddir. Yolun təqribən 20 kilometri deformasiyaya uğramış çınqıl örtük olduğu üçün həmin hissədə yol yatağı qazılaraq çıxarılıb, 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri 20 santimetr qalınlıqda qum-çınqıl, üst layının 12 santimetr qalınlıqda optimal-qırmadaş qarışığı ilə aparılıb.
Yolun 14 kilometrlik hissəsi isə torpaq örtüklü olduğu üçün bu ərazidə tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılıb. Ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülüb. Daha sonra xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa edilib.
Yolun asfaltlanması işlərinə start verilib. Hazırda yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 santimetr qalınlıqda iri dənəli, üst layının isə 5 santimetr qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılır. Bu işlər 200 min kvadratmetrdən çox ərazini əhatə edir.
Layihə çərçivəsində yolboyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunub. Bundan başqa yolda yerləşən 2 avtomobil körpüsünün əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi görülən işlərin sırasındadır.
Yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə avtobus dayanacaqlarının tikilməsi, yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işləri də aparılacaq. Yolun yenidən qurulması yaxın aylarda tam olaraq yekunlaşdırılacaq.