Lerikdə 28 kilometrlik yolun yenidən qurulması yekunlaşır VİDEO
Bakı, 16 avqust, AZƏRTAC
Lerik rayonunun Piran-Hamarat-Vjaker avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, Piran-Hamarat-Vjaker avtomobil yolunun 20 kilometrlik hissəsi IV texniki dərəcəyə uyğun olaraq asfalt-beton örtüklü, qalan 6 kilometrlik hissəsi isə V texniki dərəcəyə uyğun çınqıl örtüklə yenidən qurularaq yekunlaşdırılır. Bunun üçün yolun mövcud torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb yatağın genişləndirilməsi üçün dağ yamacları xüsusi mexanizmlə kəsilib. Ardınca qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək kipləşdirilib. Bu işlərin həcmi 350 min kubmetrdən çoxdur.
Bundan başqa, suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan yolboyu layihəyə uyğun olaraq avtoqreyderlə 22,5 min poqonmetr küvetlərin açılması və müxtəlif diametrdə 460 poqonmetr uzunluğunda suötürücü metal və dəmir-beton suötürücü boruların quraşdırılması və izolasiyası, boru başlıqlarının dəmir betonla tikintisi işləri də aparılıb. Yolu profilə salmaq məqsədilə 65 min kubmetr həcmdə karxana çınqılından hamarlayıcı qatın tikintisi işləri görülüb.
Yol əsasının tikintisi işləri görülüb, alt layın tikintisi 20 santimetr hündürlükdə qum-çınqıl, üst layının tikintisi isə 16 santimetr hündürlükdə optimal qum-çınqıl qarışığı ilə aparılıb. Yol əsasının tikintisi 178 min kvadratmetr sahəni əhatə edib.
Hazırda yolun asfaltlanması işlərinə start verilib. Əlaqələndirici bitum səpilməklə 120 min kvadratmetr sahəyə 12 santimetr qalınlıqda 2 laydan ibarət iri və xırda dənəli olmaqla asfalt-beton örtüyü döşənir. Tikinti işlərinin sonuncu mərhələsində layihə boyu 62 ədəd yol nişanı və məlumatverici lövhə, 52 ədəd kilometr göstəricisi, 360 ədəd siqnal dirəyi quraşdırılacaq. 20 kilometr uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq yaxın aylarda vətəndaşların istifadəsinə veriləcək.