İQTİSADİYYAT
Azərbaycan məhsulları “VI Çin-Avrasiya” Sərgisində təqdim edilir VİDEO
Bakı, 30 avqust, AZƏRTAC
Azərbaycan məhsulları “VI Çin-Avrasiya” Sərgisində təqdim olunur.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 30-da Çin Xalq Respublikasının Urumçi şəhərində “VI Çin-Avrasiya” Sərgisi öz işinə başlayıb. Nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkiləri, fındıq və qurudulmuş meyvə məhsulları sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır. Sərgi sentyabrın 1-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, yerli məhsulların Çin bazarına çıxarılması, ixracın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Azərbaycanın Çinə təşkil olunmuş ixrac missiyası avqustun 29-dan etibarən Urumçidə səfərdədir. İxrac missiyası çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ixrac imkanlarının genişləndirilməsinə dair işgüzar görüşlər keçirilir, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılır.