Magistral yolun Gəndov-Quba hissəsinin əsaslı şəkildə bərpası sentyabrın sonunadək tamamlanacaq VİDEO
Quba, 3 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Gəndov-Quba hissəsinin yenidən qurulması işləri sentyabr ayının sonuna kimi tamamlanacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun 130-169-cu kilometrliyini əhatə edən yenidənqurma işləri çərçivəsində yol II texniki dərəcəyə uyğun olaraq inşa edilir. Artıq yolun Quba şəhərinin girişinə kimi olan hissəsinin asfaltlanması işləri yekunlaşmaq üzrədir.
Əvvəlcə zəruri olan yerlərdə torpaq yatağı 15 metr enində çınqıllı qruntla genişləndirilib. Köhnə asfalt-beton örtüyü qaşınıb və bəzi hissələrdə qazılaraq çıxarılıb. Bu işlərin ardınca yolboyu asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri aparılıb. Yolun asfalt-beton örtüyünün eni 9 metrdir.
Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Quba şəhərindən keçən hissəsinin (Heydər Əliyev prospektinin Qəçrəş və Qonaqkənd yollarına qədər olan hissəsinin) də asfalt-beton örtüyünün yenilənməsi işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yolda hərəkətin normal təşkili üçün 3 yerdə yeni avtobus dayanacaqları inşa ediləcək, 122 kilometr uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.
Avtomobil yolunun bərpası nəqliyyat əlaqəsinin daha da yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.