Yardımlı rayonunda uzunluğu 22 kilometr olan yolun yenidən qurulması işləri davam edir VİDEO
Bakı, 28 sentyabr, AZƏRTAC
Yardımlı rayonunda cari ildə yenidən qurulan və uzunluğu 22 kilometr olan yerli əhəmiyyətli Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunda işlər sürətlə davam etdirilir.
Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Məlumata əsasən, 22 kilometr uzunluğa və 3-6 metrədək enə malik avtomobil yolunun təqribən 13 kilometri deformasiyaya uğramış çınqıl örtük olduğu üçün həmin hissədə 20 min kubmetr həcmdə yol yatağı qazılaraq çıxarılıb, IV texniki dərəcəyə uyğun 10 metr enində yeni yol yatağının inşasına başlanılıb.
Tikinti norma və qaydalarına uyğun olaraq, yeni yolun inşası işləri aparılıb, yol profilə salınıb, bitki qatı təmizlənib, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülüb. Bundan başqa yolun genişləndirilməsi üçün bəzi hissələrdə dağ yamacları mexanizmlə kəsilərək daşınıb. Daha sonra xüsusi qruntla yeni yol yatağı inşa edilib.
Tikinti işləri çərçivəsində mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasiya işləri aparılıb. Bu çərçivədə yolboyu 364 poqonmetr uzunluğunda 500 və 1000 millimetr diametrli suötürücü dəmir-beton boru quraşdırılıb, 14 poqonmetr uzunluğunda dördbucaqlı su keçidi inşa edilib. Layihəyə uyğun olaraq, Viləş çayı üzərində isə 24 metr uzunluğunda dəmir konstruksiyalı avtomobil körpüsünün inşası işlərinə başlanılıb.
Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burada yuyulmuş torpaq yatağının bərpası və əlavə bərkidilməsi işləri görülür.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 90 ədəd yol nişanı, 22 ədəd kilometr göstəricisi və 880 ədəd siqnal dirəkləri quraşdırılacaq, 66 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.
Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşınması isə asanlaşacaq.