REGİONLAR
Fermerlərə toxumluq əkinlərdə innovativ texnologiyaların tətbiqinin əhəmiyyəti izah olunub VİDEO
Xaçmaz, 18 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Taxıl səpini aparılan sahələrdən bol məhsul əldə etmək üçün kondisiyalı toxum materiallarından istifadə olunması və səpinqabağı torpağın aqrotexniki qaydalara uyğun becərilməsi vacibdir. Bununla yanaşı, yüksək məhsuldarlıq üçün səpin normalara uyğun vaxtında və keyfiyyətlə aparılmalıdır. Elm və qabaqcıl təcrübənin nəticələri göstərir ki, dənli taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul almaq üçün bu bitkilərin becərilməsində mütərəqqi və səmərəli texnologiyalardan istifadə etmək lazımdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə oktyabrın 18-də Xaçmaz rayonunda Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsində “Toxumluq əkinlərdə səpinqabağı becərmə işləri və səpinin mütəşəkkil qaydada təşkili” mövzusunda təşkil olunan regional müşavirədə danışılıb.
Tədbir toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, yeni perspektiv sortların toxumlarının nümayişi, keyfiyyətli toxum istehsalında torpağın düzgün becərilməsinin, səpin normasının və müddətinin əhəmiyyəti, elit toxum istehsalında aqrotexniki qaydaların düzgün və vaxtında aparılması, həmçinin tarlada səpinqabağı becərmə işləri və səpin prosesi ilə əyani tanışlıq məqsədilə keçirilib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, nazirlik yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri bölgə fermerləri ilə qarşılıqlı fikir mübadiləsi aparıblar.
Regional müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov taxılçılıq və toxumçuluğun inkişafına dövlət dəstəyindən, bu sahədə tətbiq olunan güzəştlərdən danışıb. Bildirilib ki, toxumçuluq kənd təsərrüfatının strateji sahəsidir və qarşıda duran əsas məqsədlərdən biri fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənməsidir.
İmran Cümşüdov respublika üzrə 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin istifadəyə verildiyini və toxumun keyfiyyəti ilə bağlı analizlərin bu mərkəzlərin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında aparıldığını qeyd edib. Fermerlərə bu mərkəzlərin potensial imkanlarından faydalanmaq tövsiyə olunub.
Müşavirədə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Atif Zamanov “Toxumçuluğun elmi əsaslarla inkişafı”, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdiri Qərib Novruzlu “Keyfiyyətli toxum istehsalında torpağın düzgün becərilməsinin, səpin normasının və müddətinin əhəmiyyəti”, Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin direktoru İmamhüseyn Şirinov isə “Elit toxum istehsalında aqrotexniki qaydaların düzgün və vaxtında aparılması” mövzularında çıxışlar edib, bu sahənin inkişafı ilə bağlı təkliflər səsləndiriblər.
Fermerlər qarşılaşdıqları çətinliklərdən danışıb, problemlərin həlli ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tarlada səpinqabağı becərmə işləri və səpin prosesi ilə əyani tanış olan fermerlərə bu tip innovativ texnologiyaların tətbiq olunmasının əhəmiyyəti izah edilib.