İDMAN
İngiltərə Premyer Liqası: “Liverpul” mövsümdə ilk məğlubiyyətin “Mançester Siti”dən qazanıb VİDEO
Bakı, 4 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 4-də İngiltərə Premyer Liqasının 21-ci turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması "Etihad" stadionunda olub. Son çempion "Mançester Siti" doğma meydanda turnir cədvəlinin hazırkı lideri “Liverpul” komandasını qəbul edib. Görüşə hər iki komanda qarşılıqlı hücumlarla başlayıb. Matçın 16-cı dəqiqəsində “Liverpul” komandasının braziliyalı hücumçusu Roberto Firmino qapıçı ilə təkbətək qalsa da, vurduğu top qapı dirəyindən qayıdıb. Birinci hissənin sonlarında meydan sahibləri qol vurmağa nail olublar. Bernardo Silvanın ötürməsindən sonra Serxio Aquera qapı çərçivəsinin yaxın küncünə qüvvətli zərbə endirib - 0:1.
İkinci hissənin 64-cü dəqiqəsində qonaqların hücumu qolla nəticələnib. Aleksander Arnoldun cərimə meydançasına diaqonal ötürməsini Roberto Firmino dəqiq zərbə ilə tamamlayıb - 1:1. Qarşılaşmanın 70-ci dəqiqəsində "şəhərli"lər yenidən hesabda önə keçib. Rəhim Sterlinqin meydanın mərkəzindən verdiyi ötürmə Leroy Saneni qapıçı ilə təkbətəkə çıxardıb. Sonuncu fürsəti əldən verməyərək adını tabloya yazdırıb - 2:1. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, “Liverpul” cari mövsümün ilk məğlubiyyətin qazanıb. Növbəti turda “Liverpul” səfərdə “Brayton”la qarşılaşacaq, “Mançester Siti” isə doğma meydanda “Vulverhempton” komandasını qəbul edəcək.
Premyer Liqada yeni baş məşqçi ilə ardıcıl üçüncü qələbəsini qazanan “Mançester Yunayted” yenə də sevinib. “Qırmızı şeytan”lar səfərdə “Nyukasl Yunayted” komandasının qonağı olublar. “Sent-Ceyms Park — Sports Direkt Arena” stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Romelu Lukaku və Markus Raşford vurub. “Mançester Yunayted” bu qələbə sayəsində xallarının sayını 38-ə çatdırıb və turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Nyukasl Yunayted” 18 xalla 15-ci yerdədir.
Turnir cədvəlində üçüncü pillədə qərarlaşan “Tottemhem” səfərdə “Kardif Siti”nın qonağı olub. Görüş London təmsilçilərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İyirmi birinci turun digər oyunlarında növbəti hesablar qeydə alınıb:
“Everton” - “Lester Siti” - 0:1;
“Arsenal” - “Fulhem” - 4:1;
“Bornmut” - “Uotford” - 3:3;
“Çelsi” - “Sauthempton” - 0:0;
“Vest Hem Yunayted” - “Brayton” - 2:2;
“Haddersfild Taun” - “Börnli” - 1:2;
“Vulverhempton” - “Kristal Pelas” - 0:2.
Qeyd edək ki, 21-ci turdan sonra turnir cədvəlinə 54 xalla "Liverpul" klubu başçılıq edir. “Mançester Siti” 50 xalla ikinci, “Tottenhem” 48 xalla üçüncü, “Çelsi” isə 44 xalla dördüncü yerdə qərarlaşıb.