SİYASƏT
Vəfa Mustafayev: Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir VİDEO
Paris, 30 dekabr, AZƏRTAC
Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza daim diqqət və qayğısının şahidi olmuşuq. Parisdə yerləşən və Fransada yaşayan soydaşlarımıza daim qucaq açan Azərbaycan Mədəniyyət Mərkəzi birlik məkanımızdır.
Bu fikirləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Parisdə keçirilən tədbirdə Fransadakı diaspor icmamızın nümayəndəsi, UNESKO-nun elm sahəsi üzrə məsləhətçisi Vəfa Mustafayev AZƏRTAC-a müsahibəsində söyləyib.
V.Mustafayev deyib: “Vətəndən uzaqda yaşayırıq. Yaxşı anlayırıq ki, yalnız birliyimiz və həmrəyliyimiz ölkəmizə, xalqımıza töhfə verə bilər. Məhz bunun sayəsində qarşımızda duran çağırışlara cavab verə bilərik. Buna görə də bu, xaricdə yaşayan azərbaycanlılar üçün ən əziz bayramdır”.
Ötən ilin ölkəmiz və diasporumuz üçün uğurlu olduğunu bildirən V.Mustafayev Yeni ildə azərbaycanlılar arasında birliyin və dostluğun daha da möhkəmlənəcəyinə, daha çox uğurların qazanılacağına əminliyini ifadə edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris