13 oktyabr - Beynəlxalq Təbii Fəlakətlərin Təhlükəsinin Azaldılması Günüdür
Bakı, 13 oktyabr (AZƏRTAC). 13 oktyabr - Beynəlxalq Təbii Fəlakətlərin Təhlükəsinin Azaldılması Günüdür. BMT-nin baş katibi Pan Gi Mun bu münasibətlə müraciətində hər il 200 milyondan çox insanın əziyyət çəkdiyi qasırğa, daşqın, zəlzələ və digər ekstremal hava hadisələrinin və təbii fəlakətlərin nəticələrinin yumşaldılması üzrə səylərə qadınları daha fəal cəlb etməyə çağırmışdır.
Müraciətdə deyilir: “Bu il Beynəlxalq Təbii Fəlakətlərin Təhlükəsinin Azaldılması Gününə həsr olunmuş tədbirlər çərçivəsində qadınların və qızların risklərin azaldılması və təbii fəlakətlərə reaksiya göstərilməsi məqsədi ilə dünyada görülən tədbirlərin idarə olunması üzrə səylərin mərkəzində olmalarını təmin etmək zərurətini xüsusi vurğulamaq üçün addımlar atılır.
BMT-nin başçısı vurğulamışdır ki, Banqladeşdə qadınlar daşqınlara və onların nəticələrinin aradan qaldırılmasına müstəqil hazırlaşır, gildən daşınan soba hazırlamağı və ocaq qalamağı başqa qadınlara öyrədirlər.
Vyetnamda kənd qadınlarını radio ilə səsləndirilən, real həyatdan götürülmüş nümunələrdən və əhvalatlardan söz açan “sabun operaları”nın köməyi ilə təbii fəlakətlərin təhlükəsinin azaldılması yolları ilə tanış edirlər.
Baş katib vurğulamışdır ki, qadınlar və qızlar doğma və yaxınları üçün risklərin azaldılmasında əsas rol oynamağa başlayırlar.
Son on ildə fövqəladə vəziyyətlər bir milyondan çox insanın həyatına son qoymuşdur. Bütövlükdə planetimizin əhalisinin təxminən dörddəbir hissəsi təbii fəlakətlərdən əziyyət çəkmişdir. Təbii fəlakətlər nəticəsində bir trilyondan çox ABŞ dolları məbləğində ziyan dəymişdir.