REGİONLAR
İsmayıllıda “Kitablar hər yerdə” layihəsinə start verilib VİDEO
İsmayıllı, 14 avqust, AZƏRTAC
İsmayıllıda gənc könüllülər “Kitablar hər yerdə” adlı yeni layihəyə start veriblər.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyindən AZƏRTAC- ın bölgə müxbirinə bildiriblər ki, layihə insanların vaxtlarının çox hissəsini evdə, sosial şəbəkələrdə keçirdiyi bir dövrdə onları kitab oxumağa yönləndirmək məqsədi daşıyır. Bunun üçün gənclər oxumuş olduqları kitablardan və rayonun yerli qəzeti olan “İsmayıllı xəbərləri” qəzetindən ibarət kiçik kitab rəfləri hazırlayıblar. Kitab rəfləri rayon mərkəzində gənclərin və müxtəlif yaş kateqoriyasında olan insanların mütəmadi olaraq istifadə etdiyi kafe və çay evlərinə, eləcə də rayon mərkəzindən 35 kilometr və daha artıq məsafədə yerləşən kəndlərə gedən avtobuslara yerləşdirilib. Bununla da layihə təkcə rayon mərkəzində deyil, 20 dən çox kənd və qəsəbədə yaşayan 32 mindən çox insanı əhatə etmiş olur.
Qeyd edək ki, layihə davamlı şəkildə icra olunacaq və rayonun bütün kafe və marşrut xətlərini əhatə edəcək.