MƏDƏNİYYƏT


“Göy qurşağı” uşaq jurnalının növbəti nömrəsi çapdan çıxmışdır

Bakı, 3 aprel (AZƏRTAC). “Göy qurşağı” uşaq jurnalının bu il üçün 2-ci (mart-aprel) nömrəsi işıq üzü görmüşdür.

AZƏRTAC xəbər verir ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilati dəstəyi ilə nəşr olunan jurnalın təsisçisi Əməkdar Mədəniyyət İşçisi Fizurə Quliyeva, baş redaktoru Ülviyyə Gülməmmədovadır.

Jurnal bu dəfə də balaca oxucularının görüşünə maraqlı yazıları, göy qurşağı kimi əlvan şəkilləri ilə gəlmişdir. Mart-aprel aylarının ölkəmizlə bağlı xoş və acı hadisələri jurnalın səhifələrində öz əksini tapmışdır. Əli Tudənin “Ana ürəyi” şeiri və uşaq duyğularının rəsmlərdə ifadəsi 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuşdur. Jurnal son nömrəsində balaca oxucularını Novruz sovqatı ilə də sevindirmişdir.

“Azərbaycanlıların qətliamı şahidlərin dili ilə” məqaləsi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında dolğun təsəvvür yaradır.

“Musiqini çəkən oğlan”, “Uğurun sirri nədədir” məqalələri oxucuları istedadlı həmyaşıdlarının uğurları ilə tanış edəcək, Zahid Xəlilin “İki nar” nağılı isə balacalar tərəfindən həvəslə oxunulacaqdır.

Gənc amerikalı rəssam Sesiliya Uebberin “İnsan çiçəkləri” mövzusunda rəsmləri heyranlıqla seyr ediləcəkdir. Dünya ölkələrinin məşhur körpüləri haqqında məlumat da maraqlıdır. “Baykonurun məxfi azərbaycanlısı” məqaləsi isə keçmiş SSRİ-də Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri, general-leytenant, Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə “Lenin” ordeninə, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” ordenlərinə və müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülmüş akademik Kərim Kərimovun fəaliyyətinə həsr olunmuşdur.

Qonaq getmək və qonağa münasibətlə bağlı Azərbaycan və dünya xalqlarının etiketi ilə tanışlıq da maraqlıdır.

Balacaların fiziki sağlamlığını unutmayan jurnal müxtəlif idman hərəkətləri təqdim edir.

Canlılar aləminin özünəməxsusluğuna dair maraqlı faktlar, tövsiyə olunan müxtəlif mövzularda kitablar, məntiqi suallar, lətifələr “Göy qurşağı” jurnalının oxucularını düşündürəcək, istiqamətləndirəcək və əyləndirəcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.