Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti VİDEO

-Əziz həmvətənlər. 

2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.

Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində danışıqlar gedirdi. Ancaq danışıqlar heç bir nəticə vermədi. Faktiki olaraq, Ermənistan bu danışıqlarda, sadəcə olaraq, vaxt uzatmaq istəyirdi. Danışıqların imitasiyası prosesi gedirdi. 2003-cü ildə mən birinci dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdim ki, mənim üçün Prezident kimi əsas vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. Prezidentlik dövrümün birinci illərində müəyyən ümidlər var idi ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Çünki hesab edirdim ki, beynəlxalq hüququn norma və prinsipləri gözəl zəmin yaradır, bilirdim ki, tarixi ədalət bizim tərəfimizdədir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin həlli üçün hüquqi əsas yaradırdı. Ancaq illər keçdikcə görürdüm ki, ümidlərimiz azalır və bunun səbəbi Ermənistanın fəaliyyəti idi, siyasəti idi, addımları idi. İllər keçdikcə daha aydın görünürdü ki, Ermənistan bu məsələni həll etmək istəmir. Ermənistan, sadəcə olaraq, bizim torpaqlarımızı işğal altında əbədi saxlamaq istəyir və danışıqlarda iştirak etməklə, sadəcə olaraq, görüntü yaradır ki, elə bil, danışıqlar prosesi gedir və beynəlxalq vasitəçilər də bu prosesdə iştirak edirlər. İllər keçdikcə ümidlərimiz azalırdı. Mən isə hər zaman deyirdim, son 17 il ərzində demək olar, bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda deyirdim ki, bu məsələnin həlli bizim üçün prioritetdir. Deyirdim ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Deyirdim ki, biz heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”na müstəqillik verməyəcəyik. Heç vaxt orada hər hansı bir səsvermə keçirilməyəcəkdir. Bütün bunları mən deyirdim və bu mövqe getdikcə daha da möhkəmlənirdi. Eyni zamanda, açıq görürdüm ki, əgər biz güclü olmasaq, əgər əlimizdə güc olmasa, bu məsələni həll edə bilmərik. Biz birinci Qarabağ müharibəsində torpaqlarımızı nə üçün itirdik? Ona görə ki, o vaxtkı Azərbaycan rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmirdi. 1992-ci ildə Şuşanın, Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi faktiki olaraq Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı və ondan sonra digər torpaqların işğalı qaçılmaz idi. Ordumuz demək olar ki, dağılmışdı, nizami ordu yaradılmamışdı, cəsarətli, qəhrəman övladlarımız, sadəcə olaraq, qəhrəman kimi vuruşaraq şəhid olurdular, torpaqlarımız əldən gedirdi. Gücümüz yox idi. Ona görə güc amili ön plana çıxdı. Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır. Mən isə bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım, ona görə güc toplamaq üçün bütün imkanlar səfərbər edildi. Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil.

İqtisadi müstəqillik siyasi müstəqilliyimizi gücləndirdi, daha da cəsarətli siyasət aparıldı, müstəqil siyasət aparıldı. O siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu gün dünyada, dünya xəritəsində, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan onlardan biridir və Vətən müharibəsi bir daha onu göstərdi. Bütün çağırışlara, bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik. Düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla bu məsələni həll etmişik və ondan sonra Qələbəmizi siyasi yollarla daha da möhkəmləndirmişik.

Güc toplamaq üçün əlbəttə ki, düzgün siyasət aparılmalıdır. Son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi - güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək!

Biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik. İqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir. Eyni zamanda, biz öz siyasətimizlə Ermənistanı zəiflətməli idik və bunu gizlətmirdik. Mən bunu təkcə bu gün demirəm, 10 il bundan əvvəl demişdim, nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistanı bütün layihələrdən, bütün regional təşəbbüslərdən məhrum edəcəyik, onları təcrid edəcəyik və bunu etdik. Baxın indi Avrasiyanın enerji, nəqliyyat, kommunikasiya xəritələrinə, ölkələri birləşdirən bütün o yollar, ölkələr üçün böyük fayda gətirən layihələr Ermənistandan yan keçib. Kim bunu edib? Biz, təzyiqlərə baxmayaraq. Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, hətta Bakı-Ceyhan neft kəmərinin çəkilişi ilə bağlı bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Sanki biz təbiəti burada çirkləndiririk, ekoloji tarazlığa ziyan vururuq. Nə üçün? Çünki bu layihəni dayandırmaq, yaxud da ki, bu layihəni Ermənistan ərazisindən həyata keçirmək üçün. O təqdirdə bizim əl-qolumuz bağlı olacaqdı, bizim bütün neft və ondan sonra qaz ixracımız Ermənistanın əlində olacaqdı. Mən buna razı ola bilərdim? Əlbəttə ki, yox! Ona görə də təzyiqlərə məruz qalırdım. Bəzi ölkələrin istəklərini yerə vururdum. Çünki bu istəklər bizim milli maraqlarımıza zidd idi və 44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. Azərbaycan xalqı bunu yaxşı görür və bilir. Mən isə bunu çoxdan bilirdim. Ona görə, bütün şər-böhtana, bütün təzyiqlərə, bütün təhdidlərə hazır idim. Bir amalım var idi - güclü dövlət yaratmaq, torpaqlarımızı işğaldan azad etmək, ədaləti bərpa etmək!

Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə etdik və bütün bu yollar ictimaiyyətə təqdim edilirdi. Biz heç nəyi hansısa məxfi formatda etməmişdik. Demişdim ki, təcrid edəcəyik, etdik, neft kəmərləri, qaz kəmərləri, nəqliyyat yolları Ermənistandan yan keçdi, telekommunikasiya xətləri Ermənistandan yan keçdi, elektroenergetika layihələri Ermənistandan yan keçdi. Ermənistan mümkün olan gəlirlərdən məhrum edildi.

Digər tərəfdən, Ermənistanı beynəlxalq arenada ifşa etmək, onların işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq başlıca vəzifələrimizdən biri idi və buna nail olduq. Son 17 il ərzində demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar, qətnamələr qəbul ediblər. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcbur olub münaqişə ilə bağlı həqiqəti əks etdirən qətnamələr qəbul etmişlər.

Biz Qoşulmama Hərəkatına üzv olduq. Yadımdadır, o vaxt bəziləri bunu səhv addım kimi qiymətləndirirdi. Ancaq mən bilirəm ki, bu, düzgün addım idi. Üzv olan kimi, dərhal 120 ölkənin dəstəyi ilə münaqişəyə dair qətnamə qəbul etdirdik - bizim maraqlarımıza xidmət edən qətnaməni. Bu gün Qoşulmama Hərəkatının sədri kimi öz sözümüzü dünya miqyasında deyirik. Onu da bir daha demək istəyirəm ki, müharibə zamanı BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı bizə sərf etməyən qərəzli anti-Azərbaycan təşəbbüslərinin qarşısının alınmasında Qoşulmama Hərəkatına üzv ölkələr öz sözünü dedi. Bu təşəbbüs baş tutmadı.

Biz İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr qurduq. Tarixdə bu gün bu əlaqələr ən yüksək zirvədədir. İslam Əməkdaşlıq Təşkilatı bu münaqişə ilə bağlı düzgün, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən qətnamələr qəbul etdi. Biz müsəlman ölkələri ilə təmaslar əsnasında onlara erməni vəhşilikləri haqqında məlumat çatdırırdıq. Dağıdılmış, təhqir edilmiş məscidlərin şəkillərini mən öz həmkarlarıma göstərmişdim və sual verirdim ki, siz bundan sonra bu ölkə ilə necə əlaqələr qurursunuz? Bu şəkilləri görəndən sonra siz onlarla necə görüşürsünüz, onların əlini sıxırsınız? Axı, bütün bu vəhşiliklər təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı edilən cinayətdir.

Biz regionda qonşu ölkələrlə sıx münasibətlər qurduq. Çünki əvvəllər nədənsə hesab olunurdu ki, regionda Azərbaycanın ənənəvi müttəfiqləri var və Ermənistanın ənənəvi müttəfiqləri var. Biz bu konsepsiyanı darmadağın etdik. Bu gün qonşularımızın hamısı bizim yaxın dostlarımızdır. Bizim bütün qonşularımızla həm ikitərəfli, həm üçtərəfli formatda çox gözəl əməkdaşlığımız var. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı var, Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı var, Azərbaycan-İran-Rusiya üçtərəfli formatı var. Ermənistanın hər hansı ölkələrlə bu formatı varmı? Yoxdur. Bu, bizim siyasətimizin düzgün olmasının bariz nümunəsidir. Biz Ermənistanı onların uzun illər saydıqları dayaq nöqtələrindən məhrum etdik. Çünki siyasətimizi düzgün qurmuşuq. Hər zaman öz siyasətimizi açıq aparmışıq. Heç bir ölkəyə qarşı heç bir avantürada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, ilk növbədə, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmayacaq. Beləliklə, dünyada, regionda, qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Bizimlə hesablaşmağa başlamışlar. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir.

Ona görə, bütün bu amillər öz rolunu oynadı. Ermənistanın təqdim etdiyi saxta tarixi darmadağın etmişik, beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə Kürəkçay sülh müqaviləsi haqqında kifayət qədər dolğun məlumat vermişik. Hər kəs gördü ki, erməni xalqı Qarabağ bölgəsində, sadəcə olaraq, son 200 il ərzində yaşayır, oraya köçürülüblər. Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq və çatdırırıq. Xocalı haqqında son 17 ilə qədər kimsə danışırdı? Sanki belə bir cinayət olmayıb. Sanki bu soyqırımı olmayıb. Çünki Ermənistan bunu ört-basdır etməyə çalışırdı. Hətta bu hərbi cinayəti Azərbaycanın üstünə atmaq istəyir. Necə ki, Vətən müharibəsi dövründə Gəncəni və digər şəhərləri Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutandan sonra deyirdi ki, Azərbaycan bunu özü edib. Belə həyasız ölkə ola bilərmi? Belə vicdansız adamlar ola bilərmi? Görünür ki, ola bilər. Bu da Ermənistandır. Ona görə, Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük səylər göstərdik - həm dövlət, həm Heydər Əliyev Fondu. Bu gün 13 ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyıb. Müharibə haqqında həqiqətləri, dağıdılmış şəhərlər, kəndlər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdıq. Halbuki bizim o kəndlərə, şəhərlərə getmək imkanımız yox idi. Heç bir beynəlxalq təşkilat oraya getmirdi. UNESCO, hansı ki, bu gün bizə irad tutmağa çalışır, guya biz erməni dini abidələrini burada qoruya bilməyəcəyik. Halbuki bu, yalandır. Azərbaycanda bütün dinlərin abidələri qorunur. Bir dəfə gedib o torpaqlara? Bir dəfə Şuşa məscidində olub? Zəngilanda dağıdılmış məsciddə olub? Ağdam məscidində olub? Orada ermənilər donuz, inək saxlayırdılar. İndi bizə irad tuturlar.

Ermənistan oralara heç kimi buraxmırdı, heç kimi. Hətta Minsk qrupuna sədrlik edən ölkələrin səfirlərini buraxmırdı. Biz güc-bəla ilə iki dəfə nail olduq ki, Minsk qrupu işğal edilmiş torpaqlara faktaraşdırıcı missiya göndərsin. Sonuncu missiya on il bundan əvvəl getmişdi. Hər il mən bunlara deyirdim ki, niyə getmirsiniz? Gedin, oraya baxın, qanunsuz məskunlaşma gedir. Bizim bütün şəhərlərimiz, kəndlərimiz dağıdılır. Kəndlərimizin, şəhərlərimizin adları dəyişdirilir, tarixi abidələrimiz dağıdılır, yaxud da ki, erməniləşdirilir. Getmirdilər ki, Ermənistan buraxmır. Ermənistan kimdir ki, buraxmasın. Ona görə, bax, bütün bu işləri görərkən biz Qələbə günümüzü yaxınlaşdırırdıq. Əgər mənim əvvəlki çoxsaylı çıxışlarıma nəzər yetirsəniz, görərsiniz, demişdim ki, hər gün hər birimiz bu müqəddəs anı öz əməyimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırdıq, bu müqəddəs Qələbə anı gəldi.

Müharibənin qaçılmaz olması ilə bağlı artıq neçə ildir ki, regionun işləri ilə məşğul olan müxtəlif ekspertlər öz fikirlərini ifadə edirlər. Eyni zamanda, bütün bu illər ərzində bizə ünvanlanan sifarişlər arasında, necə deyərlər, bir tezis üstünlük təşkil edirdi ki, münaqişənin hərbi həlli yoxdur. Kimsə bunu ortalığa atıb. Mən təxminən bilirəm kim. Bütün başqa təşkilatlar, bu işə aidiyyəti olan - olmayan, bölgə məsələləri ilə məşğul olan - olmayan, hamı elə bir ağızdan deyirdi ki, münaqişənin hərbi həlli yoxdur.

Mən son illər ərzində bir çox ölkələrdə rəsmi səfərlərdə olmuşam - əlbəttə ki, həm bölgə ölkələrində və başqa ölkələrdə. Bütün bu səfərlər işıqlandırılıb. Bir çox hallarda heç bölgə ilə, bizim regionumuzla əlaqəsi olmayan hansısa həmkarım deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Sən haradan bilirsən? Deyiblər ki, bax, bunu deməlisən İlham Əliyevə, müxtəlif dairələr deyiblər. Dünya idarəetməsində fəal rol oynayan ölkələr, dairələr bunu deyirdilər, belə demək lazımdır ki, bizi bu yoldan çəkindirsinlər, heç vaxt bu olmasın. Status-kvo əbədi qalsın, dəyişdirilməsin. Halbuki, bəzən də deyirdilər ki, status-kvo qəbuledilməzdir. Amma sonra bundan da, necə deyərlər, vaz keçdilər. Başladılar deməyə ki, status-kvo dayanıqlı deyil. Deməli, qəbulediləndir. Amma bizim üçün qəbuledilən deyildi. Biz Ermənistan, onun havadarları, onun himayədarları və ermənipərəst qüvvələr qarşısına təkbaşına çıxmışdıq. Təkbaşına! Heç kimi bizi bizə sərf etməyən sülh müqaviləsi variantına məcbur edə bilmədi. Halbuki bir neçə dəfə belə cəhdlər oldu. Bir neçə dəfə, hətta müəyyən saxtakarlıq edərək sənədlərin tərtibatında guya səhvlər olub deyə bizi hansısa varianta təhrik etməyə, sövq etməyə çalışırdılar. Amma keçmədi, keçməyəcəkdi. Çünki güclü iradə var idi və var. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Torpaqlarımızın işğaldan azad edilməsi ən başlıca vəzifə idi və biz bu vəzifəyə, bu hədəfə doğru inamla addımlayırdıq.

Son illərdə vəziyyət gərginləşməyə başlamışdı. Artıq Ermənistan da öz niyyətini gizlədə bilmirdi. Çünki danışıqların mənası artıq faktiki olaraq itmişdi və təkcə bu son iki il ərzində yox, təqribən 5-6 il ərzində. Ermənistan işğal edilmiş torpaqlarda müntəzəm olaraq hərbi təlimlər keçirirdi. O hərbi təlimlər Ağdam rayonu ərazisində keçirilirdi. Ermənistan rəhbərliyinin sözlərinə görə, bu təlimlərdə 10 minlərlə canlı qüvvə iştirak edirdi. Bizim mövqelərimizə qarşı hücum təşkil edilirdi. Hərbi vertolyot hücum etmişdi və o vertolyot vuruldu. Bu da Ermənistana imkan verdi ki, bunu bəhanə gətirərək desin, bəli, Azərbaycan bizim vertolyotumuzu vurdu, indi danışıqlar dayanmalıdır. Hər dəfə müəyyən irəliləyişə imkan yarandıqca, belə təxribatlara əl atırdılar.

Aprel döyüşləri Ermənistana dərs olmadı. Bir neçə gün davam edən Aprel döyüşləri kiçik də olsa, bizim qələbəmizlə nəticələndi. Ermənistan məcbur oldu, yerinə oturduldu, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik, göstərdik ki, bizi heç kim və heç nə yolumuzdan döndərə bilməz, çəkindirə bilməz. Amma dərs olmadı onlara. Aprel döyüşlərindən sonra Ermənistanın o vaxtkı rəhbərliyi demək olar, söz vermişdi ki, işğal edilmiş torpaqlardan çıxacaq. Bu, həqiqətdir. Amma sonra orada ya özləri təşkil etmişdilər, ya doğrudan da belə hadisə baş verdi, polis bölməsi zəbt edildi, terrorçu qrup orada terror aktı törətdi və ondan sonra Ermənistan rəhbərliyi dedi ki, görürsünüz, burada vəziyyət gərgindir, biz bunu edə bilmirik. Bizi aldatdılar. 2018-ci ildə Günnüt əməliyyatı - Naxçıvan əməliyyatı da bizim uğurlu əməliyyatımız idi. Biz böyük ərazini götürdük, işğaldan azad etdik və strateji yüksəklikləri zəbt etdik. Yenə də dərs olmadı. Yəni, biz onlara şans verirdik. 2018-ci ildə Ermənistanda, - indi bəziləri buna inqilab deyir, bəziləri çevriliş deyir, özləri bilərlər, - dəyişiklik baş verdi, ümidlər oyandı və bu ümidlər əsassız deyildi. Mən dərinə getmək istəmirəm. Biz ümid edirdik ki, yeni rəhbərlik keçmiş səhvlərdən təmizlənəcək və bu məsələ öz həllini tapacaq. Amma bu da baş vermədi. Demək olar ki, bir ildən sonra bizə qarşı qəbuledilməz addımlar atıldı, bizi faktiki olaraq aldatdılar, öz daxili problemlərini həll etmək, daxili müxalifəti əzmək, həbs etmək üçün vaxt uddular. Ondan sonra nə oldu, Azərbaycan xalqı yaxşı bilir. Qəbuledilməz bəyanatlar, Azərbaycan xalqının təhqir edilməsi, yersiz hərəkətlər, biabırçı addımlar, bəyanatlar və təxribat xarakterli hərbi əməliyyatlar - iyul ayında, avqust ayında və nəhayət, sentyabrın 27-də. Mən dedim yetər artıq, irəli! 44 gün ərzində düşmənin ordusu məhv edildi. Bu gün Ermənistan ordusu yoxdur.

Müharibə dövründə mən əziz xalqımı müharibə ilə bağlı müntəzəm olaraq məlumatlandırırdım. Müharibənin gedişatı xalqımızın gözü qabağında keçirdi. Müharibədən sonra bəzi əməliyyatlar haqqında, bəzi qərarlar haqqında müəyyən məlumat da verilir. Bu məsələyə çox vaxt ayırmaq istəmirəm. Amma 44 gün ərzində Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək, qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, düşmən diz çökdü. Üç yüzdən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu.

Müharibə arxada qaldı. Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq.

Azərbaycan Ermənistanı məğlub etdi. Bunu bütün dünya gördü, bu, dünyanın gözü qarşısında baş verdi. Heç kimi bizi dayandıra bilmədi. Demişdim ki, sona qədər gedəcəyik, tarix versinlər bizə, tarix versinlər ki, işğalçı Ermənistan dövləti bizim torpaqlarımızdan nə vaxt çıxacaq. Tarix veriləndən sonra biz hərbi əməliyyatlarımızı dayandırdıq.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Hər il mən xalqa müraciət edərkən dünya azərbaycanlılarını bu gün münasibətilə və Yeni il münasibətilə təbrik edirəm. Bu dəfə isə bu təbrikin xüsusi önəmi var. Mən bilirəm ki, dünyada yaşayan azərbaycanlılar müharibə dövründə Azərbaycanda gedən prosesləri, müharibəni yaxından izləyiblər. Onlar öz dəstəyini ifadə edirdilər. Mənə göndərilən minlərlə məktub arasında xaricdə yaşayan azərbaycanlılardan da kifayət qədər çox məktublar vardır. Onlar həm mənəvi dəstək göstərdilər, həm də həmrəylik göstərdilər. Bu gün onlara müraciət edərək deyirəm, siz fəxr etməlisiniz və fəxr edə bilərsiniz ki, qəhrəman Azərbaycan xalqının övladlarısınız. Bu gün hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərlər ki, biz müzəffər xalqın övladlarıyıq, nümayəndələriyik.

Mən bütün soydaşlarımızı bu bayram münasibətilə təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqını, ilk növbədə, tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm. Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!

Əziz bacı-qardaşlarım, sizi Yeni il münasibətilə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqını böyük Zəfər münasibətilə təbrik edirəm. İstərdim ki, Yeni il ərəfəsində hamımız birlikdə bizi Qələbəyə aparan şüarı deyək: Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti VİDEO

Husilər Səudiyyə Ərəbistanındakı bir sıra obyektlərə zərbələr endiriblər

WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb

Fransada iğtişaşlar zamanı 1100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb

Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurub

Bosniya və Herseqovinada helikopter qəzası baş verib, üç nəfər ölüb

Sumqayıtda avtomobil yanıb

Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır

Britaniyalı müğənni Corc Mayklın gitarası hərracda 180 min funt-sterlinqə satılıb

Parisdə nümayiş marşrutu ilə bağlı yeddi həmkarlar ittifaqı polis prefekturasını məhkəməyə verib

Fransada oktyabrın 31-də keçiriləcək aksiyalar zamanı 70 min polis və jandarm səfərbər olacaq

Mədəniyyət Nazirliyi Xalq artisti Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

® NDU-da orqanik və dayanıqlı kənd təsərrüfatına dair II Respublika Elmi Konfransı təşkil olunub

Böyük Britaniyada 200-dən çox milyarderin vergi ödənişlərinə nəzarət gücləndirilir

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Ceyranbatan qəsəbə məktəbində qida zəhərlənməsi faktı təsdiqini tapmayıb – YENİLƏNİB

Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib

Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Daşkənddə “JW Marriott” brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb

Sülh gündəliyi tarixi yaddaşın inkarı üzərində qurula bilməz - ŞƏRH

Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq

Sabah Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq

Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb

Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Mariam Kvrivişvili: Hökumətlərarası Komissiyanın iclasında mühüm əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Rejissor Oqtay Babazadənin 85 illiyinə həsr olunmuş kitab təqdim edilib

Türk professor: Azərbaycanın beynəlxalq platformalarda fəallığı xarici siyasətin yeni mərhələsini müəyyən edə bilər

Estoniyalı forum iştirakçısı: Din haqqında məlumat axtararkən süni intellektdən ehtiyatla istifadə etmək vacibdir

Narkomaniya ilə mübarizədə ailənin rolu: Ağcabədidə valideynlər üçün maarifləndirici tədbir

Somali turizm sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır

Taksi sürücüləri üçün imtahanın vaxtı və qeydiyyat qaydaları açıqlanıb

Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

ADPU-da Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə həsr olunmuş elmi seminar təşkil edilib

Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT

Tərtərdə Milli Qəhrəmana həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub

Azərbaycan və Türkiyəni birləşdirən əsas güc ortaq dəyərlər və tarixi dostluq əlaqələridir - ŞƏRH

AMEA Gənclər Akademiyasının fəaliyyəti Çində beynəlxalq auditoriyaya təqdim olunub

Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş olub

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH

Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH

“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

Mikelancelo Pistoletto “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: Əbədiyyət güzgüsü və yeni incəsənət- MÜSAHİBƏ

Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır

Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub

Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var

Rəylərin məhkəmədə ləğv edilməsi riski minimuma endirilir

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

CECECO Brüsseldə keçirilən 2026-cı il Hidrogen Həftəsində təmsil olunub

"Oceanman" layihəsinin təsisçisi: Əminəm ki, açıq suda üzgüçülükdə yeni səhifə yazacağıq

İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir

Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır

Bu ilin 9 ayında əvvəlki illərdə axtarışa verilmiş şəxslərin 87,2 faizi tutulub

ASF-nin vitse-prezidenti: “Oceanman” hər kəsin üzgüçülüyə marağını artıra bilər

Azərbaycançılıq ideologiyası milli kimliyimizin və ideoloji suverenliyimizin əsasını təşkil edir - ŞƏRH

Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans

Elnur Məmmədov: “Oceanman” Azərbaycanda açıq suda üzgüçülüyün inkişafına töhfə verəcək