Yeni yaradılan yonca sortlarının sınaq əkini gerçəkləşib VİDEO
Beyləqan, 24 mart, Aydın Yavərzadə, AZƏRTAC
Beyləqanda yeni yaradılan yonca sortlarının sınaq əkini həyata keçirilib. Əsas məqsəd yerli iqlimə uyğun toxum növlərinin müəyyən olunması və daha məhsuldar toxumlar əldə etməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqanda yeni yaradılan xarici və yerli sortlardan ibarət yonca toxumlarının sınaq əkininə başlanılıb. Həyata keçirilən işlər Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi Tədqiqat İnstitutu və Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşəbbüsü ilə gerçəkləşib.
Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevin sözlərinə görə, yem bazasının gücləndirilməsi üçün bu sahədə bir sıra işlər həyata keçirilir. Əsas məqsəd bölgələrdə yeni sortların, texnologiyaların tətbiqi və bunun nümayişidir. Əldə olunan yerli sortların iqlimə uyğunlaşdırılması, xəstəliyə dözümlü olması vacib şərt olaraq götürülür. Bu məqsədlə Beyləqanda 13 sortdan ibarət yerli və xarici növ yonca toxumu sınaq üçün əkilib. Həyata keçirilən layihə həm də yem məhsullarına olan tələbatı daxili imkanlar hesabına ödəməkdə mühüm rol oynaya bilər. Eyni zamanda, fermerlərin toxum seçimləri üçün daha çox imkan yaranacaq.
Laboratoriya müdiri Sevil Abbasquliyeva bildirib ki, sınaq üçün əkilən toxumlardan 4 növü yerli sortlardır. Bunlar institut əməkdaşları tərəfindən yaradılıb. Həmçinin doqquz sort da sınaqdan çıxarılacaq və bu toxumlar xarici sortlar arasından seçilərək götürülüb. Gələcəkdə isə potensial məhsuldarlığa malik olan xarici sortların yerli sortlarla hibridləşdirilməsi nəzərdə tutulub.
Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov söyləyir ki, bu kimi yeniliklər mütəmadi olaraq həyata keçirilir. Hazırda yonca toxumlarının sınaq əkini üçün Beyləqanda 2 hektar ərazi ayrılıb. Yeni yaradılan sortların əkinində innovativ üsul istifadə olunur.
Əkin sonrası institut və mərkəz əməkdaşları tərəfindən sahəyə baxış keçirilib. Müsbət nəticələrin əldə olunması üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.