REGİONLAR
Bura Vətəndir... AZƏRTAC-ın Hadrutdan reportajı VİDEO















Xocavənd, 26 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Vətən torpağının müzəffər ordumuz tərəfindən işğaldan azad edilən hər bir guşəsinə böyük qürur hissi ilə gedirik. Budəfəki səfərimiz Qarabağdakı səfalı yurd yerlərimizdən olan Xocavənd rayonunun Hadrut qəsəbəsinədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hadrut qəsəbəsi Qarabağ silsiləsinin cənub-şərqində, Qozluçayın dərəsində, füsunkar təbiətin qoynunda yerləşir. Doğma diyarımızın illərlə düşmən tapdağında qalmış bu dilbər guşəsinə bu il bahar başqa növraqda gəlir. Qarın əriməsi ilə baş qaldıran dağ çiçəkləri şəhid qanı ilə azad edilmiş Vətən torpağını bəzəməyə tələsir. Tezliklə Qarabağımızın bütün guşələri kimi Hadrut da yaz libasına bürünəcək.
Məşhur mahnıda deyildiyi kimi:
Bura Vətəndir
Gülü bitəndir
Əlim çatandır
Ünüm yetəndir.
Artıq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun azad etdiyi bu Vətən torpağına əlimiz çatır, ünümüz yetir. 29 ildən sonra azadlığına qovuşan bu qədim yurd yerimizdə Azərbaycanın üçrəngli bayrağının dalğalanması hər birimizdə böyük qürur hissi yaradır. Həm də ona görə qürur hissi keçiririk ki, Azərbaycan Ordusu Hadrut qəsəbəsini çox uğurlu hərbi əməliyyat nəticəsində azad edib.
Prezident İlham Əliyev martın 15-də Hadrutda olduğu zaman qəsəbənin azad edilməsi əməliyyatından danışarkən deyib: “Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi. Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi”.
Bəli, Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik əməliyyat idi. Çünki Cəbrayıl şəhərindən sonra Hadrutun azad olunması hərbi əməliyyatlarımızın davam etdirilməsində önəmli rol oynayırdı. Beləliklə, müharibə qaydalarına uyğun olaraq, strateji planlaşdırmanın düzgün icra edilməsi nəticəsində Cəbrayıldan sonra Hadrut, ondan sonra da Füzuli düşməndən təmizləndi.
Bizimlə birgə Hadruta gəlmiş Xocavəndin Axullu kənd sakini Qəhrəman Həsənovla Azərbaycan bayrağının dalğalandığı qəsəbə parkından yuxarıya - keçmiş partiya komitəsi tərəfə addımlayırıq. O, işğaldan əvvəl rayon partiya komitəsinin binasında vaxtaşırı tədbirlərdə iştirak etdiyini xatırlayaraq deyir: “Mən cavan vaxtı, 1985-ci ilə qədər buraya iclasa gəlmişəm. Bura bizim rayonumuzdur. Sənədləri də gətirmişəm. Mən Hadrut rayonunda anadan olmuşam. Mənim atam da Hadrutda anadan olub. Uşaqlarım da Hadrutda doğulublar. Burada azərbaycanlılar yaşayıblar. Ermənilər buraya sonradan gəlmədilər”.
Qəhrəman Həsənov Hadruta axırıncı dəfə 32 il əvvəl gəldiyini deyir. “Axırıncı dəfə Hadruta 1988-ci ildə gəlmişəm. Ondan sonra bizi Hadruta buraxmayıblar. 32 ildir ki, buranın həsrətini çəkirdik. Bu həsrətimizə Prezident, Ali Baş komandan İlham Əliyev son qoydu. Ona minnətdarıq”, - deyə həmsöhbətimiz vurğulayır.
Artıq Qarabağ torpaqlarında yeni - quruculuq, bərpa, inkişaf dövrü başlayıb. Prezident İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü, milli birliyimiz ilə azadlığına qovuşan bölgələrimizə doğru uzanan yollar, infrastruktur yenidən qurulur, illərdir əsl sahibinə həsrət qalan torpaqlarımızda həyat yenidən canlanır. Tezliklə Hadrut qəsəbəsi də respublikamızın digər şəhər və qəsəbələri kimi inkişaf edəcək. Prezident İlham Əliyevin dediyi kimi, "Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Qarabağ Azərbaycandır!".