Hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib VİDEO
Naxçıvan, 26 may, AZƏRTAC
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komandir hazırlığında bölmələrdə “Günün nizam qaydaları”na uyğun tədbirlərin icra olunması üzrə keçirilən nümayiş məşğələdə qalx komandasından yat komandasınadək şəxsi heyətin yerinə yetirdiyi tapşırıqlar və icra etdiyi fəaliyyətlər nümayiş etdirilib.
Şəxsi heyətin sağlamlığı və qidalanmasına nəzarət, şəxsi gigiyena və təmizlik tədbirlərinin yerinə yetirilməsi, sıra baxışı və yerbəyerin təşkili, fiziki və sıra hazırlığının, ictimai-siyasi və hüquqi maarifləndirmənin keçirilməsi, qarovul və sutkalıq naryadın hazırlanması, müstəqil hazırlıq və döyüş hesabatının çatdırılması, həmçinin “Günün nizam qaydaları”na uyğun digər tədbirlər nümayiş məşğələdə öz əksini tapıb.
Məşğələ zamanı “Vətən müharibəsinin nəticələrinin Hərbi Hava Qüvvələri baxımından təhlili” mövzusunda dərs keçirilib.
Komandir hazırlığının sonunda zabitlərin hərbi topoqrafiyadan nəzəri bilikləri və fiziki hazırlığının səviyyələri yoxlanılıb.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən yekunda bildirilib ki, məqbullar götürülən zaman hərbi hissə komandirləri və müavinləri komandir hazırlığından yüksək nəticə göstəriblər.