SİYASƏT
Silahlı Qüvvələr Günü münasibətilə müdafiə naziri hərbi hospitalda olub VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti iyunun 25-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdırıb.