REGİONLAR
Naxçıvan şəhərində Silahlı Qüvvələr Günü münasibətilə konsert olub
Naxçıvan, 28 iyun, AZƏRTAC
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının konserti olub.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konsert proqramında əvvəlcə Naxçıvan Qarnizonu Hərbi Orkestri ifa etdiyi təntənəli marşın sədaları altında nizami addımlarla Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısına yürüş edib. Heydər Əliyev Muzeyinin önündə hərbi orkestrin ifasında marşlar və hərbi mahnılar səsləndirilib.
Bayram konserti Türkiyə-Naxçıvan Dostluq Parkında davam edib. Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının ifasında xalq və bəstəkar mahnıları, rəngarəng musiqi nömrələri, eləcə də Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifa etdiyi marşlar hərbi qulluqçular və onların ailə üzvlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb. Bayram konserti gecə saatlarına qədər davam edib.