REGİONLAR
İşğaldan azad olunmuş bütün rayonlarda ilin sonuna kimi yarımstansiyalar fəaliyyətə başlayacaq
Ağdam, 7 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq “Azərenerji” ASC tərəfindən işğaldan azad edilmiş ərazilərdə elektroenergetika infrastrukturunun yaradılmasına başlanılıb və respublika enerjisinə inteqrasiya istiqamətində Qarabağ Enerji Strategiyası hazırlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Azərenerji” ASC-nin Texniki İstehsalat İdarəsinin şöbə rəisi Muxtar Mahmudov deyib.
O bildirib ki, Qarabağ Enerji Strategiyası hər bir rayonda 110 kilovoltluq yarımstansiyaların tikintisini və onların yüksək gərginlik xətləri ilə ölkə sisteminə inteqrasiyasını nəzərdə tutur: “Qarabağda regional mərkəz kimi Ağdam şəhərinin seçildiyini nəzərə alaraq, “Azərenerji” ASC Ağdam rayonunda 110 kilovoltluq iki yarımstansiyanın tikintisinə başlayıb. Gələcəkdə artım tələbatından asılı olaraq yeni yarımstansiyaların tikintisi də mümkündür. Bu yarımstansiyaların elektrik təchizat şəbəkəsinə qoşulması üçün "Xındırıstan" yarımstansiyasından 110 kilovoltluq, 40 kilometr uzunluğunda xətt çəkilir. Qarabağ Enerji Strategiyasına əsasən, işğaldan azad olunmuş bütün rayonlarda bu ilin sonuna kimi yarımstansiyalar fəaliyyət göstərəcək. Bildiyiniz kimi, Füzulidə ötən ay ölkə başçısının iştirakı ilə yarımstansiya açılıb, daha əvvəl Şuşada 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı həyata keçirilib. Bundan əlavə, “Azərenerji” ASC tərəfindən kiçik su elektrik stansiyalarının bərpası istiqamətində də işlər davam edir. Dövlətimizin başçısının iştirakı ilə istismara verilən ilk infrastruktur layihəsi kimi Laçın rayonu ərazisində “Güləbird” Su Elektrik Stansiyasını misal göstərə bilərik. Bundan əlavə, “Suqovuşan-1”, “Suqovuşan-2” kiçik su elektrik stansiyaları da istismara hazır vəziyyətə gətirilib. Hazırda Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərdə yeni yarımstansiyaların tikintisi davam edir. Kəlbəcərə Daşkəsəndən yeni 110 kilovoltluq xətt çəkilir”.