Qusarda 652 arıçı dövlət dəstəyindən faydalanıb VİDEO
Quba, 16 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda bu il 652 arıçı dövlət dəstəyindən faydalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusarın Çiləgir kəndində yaşayan Musayev qardaşları da dövlət tərəfindən ayrılan subsidiyadan faydalanan arıçılardandır. İlqar və Tofiq Musayev qardaşlarının təsərrüfatlarında 200 arı ailəsi var. Arıçılar hər il 1 tondan çox bal əldə edir.
Arıçılar bu il havanın quraq keçməsinin təsərrüfata mənfi təsir göstərdiyini, amma alınan məhsulun qənaətbəxş olduğunu bildirib.
“Arıları dağlıq ərazidən gətirmişik. İndi qışa hazırlıq gedir. Balın satışında çətinliyimiz yoxdur. Mənim öz müştərilərim var. Nə qədər lazımdırsa qabaqcadan sifariş verirlər. Artıq dördüncü ildir subsidiya alırıq. Bu, biz arıçılara böyük dəstəkdir”, - deyə arıçı İlqar Musayev söyləyib.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Namiz Əzizullayev bildirib ki, rayondakı arıçıların təsərrüfatındakı arı ailələrinin hamısı pasportlaşdırılıb və hər arı ailəsinə identifikasiya kodu verilib.
Bu il Qusar rayonunun təsərrüfatlarında 14 min 538 arı ailəsi qeydiyyata alınıb. Arıçılara saxladıqları hər arı ailəsinə görə ildə 10 manat subsidiya verilir. Dövlət dəstəyi 2018-2022-ci illəri əhatə edir.
Qusar rayonunun əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları və qiymətli cinslərə malik arı genofondu arıçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Hər il Qusar rayonunda 100 tona yaxın bal tədarük olunur.