REGİONLAR
Xızıda 4300 metr uzunluqda qapalı suvarma kanalı çəkilir VİDEO
Xızı, 24 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xızı rayonunda görülən meliorativ tədbirlər nəticəsində son illər 9989 hektar sahə əkin dövriyyəsinə cəlb olunub. Əvvəllər rayonda suvarılan sahələr cəmi 2970 hektar təşkil edirdi.
Xızı Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Prezidentin Sərəncamı əsasında “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində rayonda nəzərəçarpacaq işlər görülüb. Bu tədbirlər nəticəsində rayonda suvarılan sahələr 12 min 959 hektara çatdırılıb. Həm əvvəllər mövcud olan, həm də əkin dövriyyəsinə yeni cəlb edilən sahələrdə suvarma təminatını yaxşılaşdırmaq məqsədilə 327 kilometr uzunluğunda kanallar çəkilib. Bu kanalların 102 kilometri açıq, 225 kilometri isə qapalı tiplidir. Kanallar üzərində 1883 ədəd hidrotexniki qurğu quraşdırılıb. Həmçinin 135 kilometr uzunluğunda kollektor drenaj şəbəkəsi qurulub.
İdarə rəisi Fərrux Haqverdiyev bildirib ki, rayonda təsərrüfat sahiblərinin vaxtında və itkisiz suvarma suyu ilə təmin edilməsi məqsədi ilə hazırda torpaq məcralı 4300 metr uzunluğunda kanal qapalı boru kanalla əvəzlənir. Həmçinin mütəmadi olaraq kanallar lil və kos-kosdan təmizlənir, eləcə də qurğular və nasos stansiyalarında cari təmir işləri aparılır.
Cari ildə Xızı rayonunda 6506 hektar sahədə əkin işləri aparılıb. Bu ərazilərin suvarılması üçün sahələrə 12 ədəd valler tipli müasir suvarma aqreqatları quraşdırılıb.