REGİONLAR
Siyəzəndə 2100 metrlik torpaq kanal beton kanalla əvəz olunur VİDEO
Siyəzən, 30 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonunun Zarat kəndi ərazisində uzunluğu 2100 metr olan torpaq kanal beton kanalla əvəz edilir. İşlər yekunlaşdıqdan sonra ərazidə 100 hektardan artıq sahənin suvarma suyu ilə təminatı daha da yaxşılaşacaq.
Siyəzən Suvarma Sistemləri İdarəsinin rəisi Murad Xəlilov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda əkin sahələrini vaxtında və itkisiz suvarma suyu ilə təmin etmək məqsədi ilə meliorativ tədbirlər davam etdirilir. Rayon ərazisində mövcud olan torpaq məcralı kanallar beton üzlüyə alınır. İdarə əməkdaşları tərəfindən torpaq kanalların lil və kol-kosdan təmizlənməsi işləri mütəmadi aparılır. Həmçinin hidrotexniki qurğularda və qapalı kanallarda cari təmir işləri görülür.
Siyəzən rayonunda 12 min hektardan çox suvarılan ərazi mövcuddur. Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı, Taxtakörpü-Ceyranbatan kanalı, Gilgilçay və Ataçay çaylarıdır. Sahələrə suyu vaxtında və itkisiz çatdırmaq məqsədilə son dövrlər rayonda 1685 ədəd hidrotexniki qurğu, 198 min 286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə, üzərində 118 ədəd hidrotexniki qurğu olan 24 min 103 metr uzunluğunda beton üzlüklü açıq suvarma kanalı və 2300 hektar ərazini əhatə edən 26 kilometr açıq, 121-kilometr isə qapalı drenaj şəbəkəsi çəkilib.