İQTİSADİYYAT
Azərbaycan İstanbulda keçirilən XII Nəqliyyat və Rabitə Şurasında təmsil olunur VİDEO
İstanbul, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da İstanbulda XII Nəqliyyat və Rabitə Şurası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi irimiqyaslı nəqliyyat layihələri, postpandemiya dövründə dünyada nəqliyyat və vahid inkişafı dəstəkləyəcək iqtisadiyyatın, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, regional problemlər və onların həlli yolları kimi bir sıra məsələlərin qlobal müzakirəsidir.
Tədbirdə ölkəmiz nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.
“Milli nəqliyyat və infrastruktur siyasəti” vizyonu ilə keçirilən tədbirin əsas mövzusu “Logistika-Mobillik-Rəqəmsallaşma”dır. Dünyanın 55 ölkəsindən nəqliyyat nazirləri və dövlət rəsmilərinin qatıldığı tədbirdə quru, dəmir yolu, dəniz və hava kommunikasiyaları olmaqla beş sektor üzrə konfrans, nazirlərin dəyirmi masa toplantısı, sektor iclasları, ikitərəfli görüşlər və panellərin təşkili nəzərdə tutulur.
Üç gün davam edəcək konfrans çərçivəsində regionda nəqliyyat layihələrinin potensialının artırılması istiqamətində müzakirələr aparılacaq. Bundan əlavə, Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan arasında dördtərəfli infrastruktur layihələrinin potensialının artırılmasını nəzərdə tutan İstanbul Bəyannaməsinin imzalanması gözlənilir.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin Gürcüstan, Qazaxıstan və İran heyəti ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul