REGİONLAR
Ağdaşda meliorativ tədbirlər uğurla icra olunur VİDEO
Ağdaş, 9 oktyabr, AZƏRTAC
Ağdaş Suvarma Sistemləri İdarəsi 2021-ci ildə xidmət etdiyi 36000 hektar əkin sahələrinin suvarılmasını artıq yekunlaşdırıb. İdarə su mənbələri kimi Türyançay, Kür çayı və Yuxarı Şirvan kanalından istifadə edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, il ərzində suvarma kanallarının 386 kilometrlik hissəsi lildən təmizlənib və suyun axını sürətlənib. Bundan başqa, 120 ədəd müxtəlif hidrotexniki qurğuda cari təmir işləri aparılıb.
Rayonda suvarma mövsümü yekunlaşdıqdan sonra payız səpini üçün hazırlıq işlərinə başlanılıb. Səpindən öncə suvarılmanın mütəşəkkil aparılması məqsədilə idarə gücləndirilmiş iş rejiminə keçib.
İdarə tərəfindən rayon ərazisindən axan çaylarda daşqın və selə qarşı mübarizə tədbirləri də davam edir. Türyançay çayında mexanizmlər vasitəsilə çay məcrasının 170 min kubmetr həcmdə təmizlənməsi həyata keçirilib.
Ağdaş Suvarma Sistemləri İdarəsi 70 yaşayış məntəqəsinin əkin sahələrini suvarma suyu ilə təmin edir. Rayonun əsas su mənbəyi Türyançay çayıdır. Türyançay çayında öz axını ilə su götürməyi təmin etmək üçün 1956-cı ildə Türyançay hidroqovşağı tikilərək istifadəyə verilib. Bu qovşağın maksimum su qalxma qabiliyyəti 302 m3/saniyədir. Həmin qurğudan sağ və sol sahil suvarma kanalı ayrılır ki, bu da 20,5 m3/san su götürmə qabiliyyətinə malikdir. İdarənin balansında 1968 kilometr kollektor drenaj şəbəkəsi də mövcuddur.
Qeyd edək ki, Ağdaş Suvarma Sistemləri İdarəsinin balansında olan 48 ədəd nasos stansiyası vasitəsilə vegetasiya suvarılması mövsümündə 9567 hektar əkin sahəsində mexaniki üsulla suvarma aparılıb. 26983 hektar sahə isə öz axını ilə suvarılıb.